Son günlər Ermənistanda həbs edilən iş adamı Samvel Karapetyanla bağlı maraqlı proseslər baş verir.
Belə ki, keçən ilin dekabrın sonunda ev dustaqlığına buraxılan Karapetyan yanvarın 16-da Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə gətirilib. Məhkəmə bununla da 2025-ci ilin sonunda aşağı instansiya məhkəməsinin çıxardığı ev dustaqlığı qərarını ləğv edib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın həbs etdirdiyi iş adamı istintaq təcridxanasından evə BURAXILDI - VİDEO
Yanvarın 17-də isə Ermənistan Cinayət Apelyasiya Məhkəməsi onun ev dustaqlığına qaytarılması barədə qərar çıxarıb. Beləcə Karapetyan cəmi bir gündən sonra yenidən ev dustaqlığına buraxılıb.
Baş verənlər isə təbii ki, müəyyən suallar doğurub. Xüsusilə də, Ermənistanda gözlənilən seçkilər fonunda Rusiyaya yaxınlığı ilə bilinən Karapetyanla bağlı məhkəmə çəkişməsi daha çox diqqət çəkir. Üstəlik, məhkəmələrin bir gündən bir fərqli qərarlar verməsi məsələnin arxasında siyasi motivlərin olması ehtimalını gündəmə gətirir.
Rusiya və Ermənistan arasında “Karapetyan düyünü”
Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, S. Karapetyan ətrafında oynanılan bu oyun Paşinyanın seçkilərdə ona maneə olacaq qüvvələri neytrallaşdırmaq cəhdinin tərkib hissəsidir:
“Rusiya çalışır ki, iyun ayında olacaq parlament seçkilərində indiki baş nazir Nikol Paşinyan qələbə qazanmasın. Paşinyan isə əksinə, özünün hakimiyyət müddətini uzatmaq niyyətindədir. Bu fonda da Paşinyan çalışır ki, ona maneə olacaq Rusiyanın bütün təsir imkanlarını neytrallaşdırsın”.
“Bu bir mübarizə metodudur”
Ekspert qeyd edir ki, Samvel Karapetyan varlı olduğuna görə, erməni cəmiyyətində ona hörmət edirlər:
“Yəni Karapetyan milyarder olduğundan Ermənistanda da onun tərəfdarları az deyil. Ona görə də Paşinyan onu gah həbs etdirir, gah da çıxardır, ev dustaqlığına göndərir, onun maliyyə imkanlarını daraltmaq istəyir. Yəni hər cür addıma əl atır ki, seçkilərdə Karapetyan öz maliyyə imkanlarından istifadə edib, tərəfdar toplaya bilməsin.
Paşinyan FSB agenti - katolikos II Qaregini də vəzifəsindən uzaqlaşdırmağa çalışır. Bu səbəbdən bəzi keşişləri başına toplayıb, ona qarşı kilsədə qiyam hazırlayır. Eyni zamanda, müxalifəti parçalayır, əzir. Bu da bir mübarizə üsuludur. Tarix göstərir ki, hətta demokratik Amerikada belə sçkilər zamanı zor amilindən istifadə edirlər”.
Qeyd edək ki, Samvel Karapetyan Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəridir. “Forbes” nəşrinin siyahısına əsasən, Samvel Karapetyanın 4 milyard dollar sərvəti var. O, Rusiya vətəndaşı Albert Avdolyandan sonra dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir.
Rüfət Sultan, Bizim.Media






























































































