Avropanın Cənubi Qafqaz siyasətindəki xüsusi Azərbaycan bəndi

Avropanın Cənubi Qafqaz siyasətindəki xüsusi Azərbaycan bəndi

Hazırda oxunan: Avropanın Cənubi Qafqaz siyasətindəki xüsusi Azərbaycan bəndi

5903

AB Gürcüstan və Ermənistana bir cür, Azərbaycana isə başqa cür siyasi yanaşmalar sərgiləyir. Bunu Azərbaycanın siyasi çevrələri belə analiz edir.

Brüsseli Qafqazda qane etməyən nədir, o nə istəyir, onun təhdid siyasəti kimə ünvanlanıb, kimi suallara isə dünya mətbuatı cavab axtarmağa çalışır. 

Bir sıra Avropa KİV orqanları və postsovet məkanında fəaliyyət göstərən informasiya mənbələri (İnterfax, RİA Novosti, İA REGNUM, haqqin.az, Sputnik, TASS, AZƏRTAC və başqaları) dekabrın 18-də Brüsseldə keçirilən Avropa Birliyi-Azərbaycan görüşü haqqında geniş informasiyalar yaydılar. 

KİV-in AB-Azərbaycan münasibətlərinə marağı həmişə böyük olub. Bu dəfə isə konkret səbəblərə görə, informasiya orqanları xüsusi diqqət göstərdilər. 

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi J.Borrel Tərəfdaşlıq Şurasının iclasından sonra bəyan etdi ki, “AB Azərbaycanla əməkdaşlıq üzrə yeni iddialı və əhatəli müqavilə imzalamaq arzusundadır”. Bu müqavilə, onun sözlərinə görə, “demokratiyaya, insan haqlarına və fundamental azadlıqlara əsaslanacaq”. 

Bu, tərəflər arasında ən geniş formada əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin inkişafına və Azərbaycan iqtisadiyyatının şaxələnməsinə yardım edəcək. AB-nin genişlənmədən məsul komissarı Oliver Vargeliy isə Azərbaycanla qaz sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bəyan edib.

Nəhayət, Brüsseli narahat edən əsas məsələ:

“AB Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini Minsk Qrupu ilə sıx qarşılıqlı əlaqədə formalaşdırmağa və reallaşmasına dəstək verməyə hazırdır” (J.Borrel, RİA Novosti).

Bunlardan başqa, rəsmi Brüssel “Cənub Qaz Dəhlizi”nin işləməsinə, sərmayə qoyuluşlarına böyük maraq göstərir(tass.ru). 

“İnterfax” J.Borrelə istinad edərək informasiya yayıb ki, Brüssel dekabrın 17 və ya 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilməyib. Tərəflər sadəcə, bundan imtina ediblər. Bu səbəbdən də nazirlərlə AB rəsmiləri ayrı-ayrı görüşməli olublar.

KİV-in AB-nin Azərbaycana “iddialı təklifi”nə  münasibəti birmənalı deyil.

“Kavkazskiy uzel”: “Avropa Birliyinin Azərbaycana kədərli müraciəti”
“İA REGNUM”: “Avropa Birliyinin Zaqafqaziyada sonuncu döyüşü baş tutacaqmı?”

“TURAN İA”-nın oxucularından biri: “Bu simiclər artıq boğaza yığdılar”.

Tam mənzərənin yaranması üçün, bizcə, başqa faktlara da baxmaq lazımdır.
Avropa Birliyinin dekabrın 18-də yayılmış pres-relizində deyilir ki, təşkilatla Ermənistan arasında keçirilən görüşdən sonra J.Borell bəyan edib: “AB Dağlıq Qarabağ münaqişəsinin möhkəm həll edilməsi rolunu üzərinə götürə bilər. Biz sülhyaradıcı və bərpaedici alətlərindən istifadə edə bilərik” (“Sputnik Aremeniya”). 

Və bir kəlmə də Ermənistanın işğalçılığına, insan haqlarını tapdalamasına, Azərbaycanın dinc sakinlərini bombalarla döyüş meydanından uzaqlarda məhv etməsinə münasibət yoxdur. Sanki bunların heç biri olmayıb və AB “havadan” Dağlıq Qarabaq münaqişəsi düzəldib, indi də onun “həlli” ilə məşğul olur. 

Sonra. AB üzvləri ardıcıl olaraq Ermənistanla 2017-ci ildə imzalanmış və hərtərəfli əməkdaşlığı nəzərdə tutan sazişi ratifikasiya edirlər. “Sputnik Ermənistan”ın məlumatına görə, artıq Belçika, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan parlamentləri həmin sazişi ratifikasiya ediblər. Onlardan bəziləri İkinci Qarabağ Müharibəsindən sonra bunu ediblər (məsələn, Portuqaliya dekabrın 18-də sazişi təsdiq edib). Portuqaliya da sanki Ermənistanın müharibədəki vəhşiliklərini nə görüb, nə də eşidib. Əksinə, sənəddə Ermənistana tam dəstək ruhu aydın hiss edilir.

Azərbaycanla Avropa Birliyinin münasibətləri tarxiçəsi də çox məqamlara aydınlq gətirə bilər.
Bu münasibətlərin əsasını 1996-cı il aprelin 22-də Lüksemburqda imzalanmış Əməkdaşlıq və Ətərəfdaşlıq haqqında Saziş təşkil edir. 1999-cu ildə sənəd qüvvəyə minib. 

2004-cü il iyunun 14-də Azərbaycan Avropa Qonuşulq Siyasəti Proqramına daxil edildi.

2009-cu il may ayında Praqada Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova ilə inteqrasiyanı nəzərdə tutan “Şərq Tərəfdaşlığı” proqramı qəbul edildi. Orada assosiativ üzvlük məsələsi də qoyulmuşdu.

2013-cü il Vilnüs sammitində Azərbaycan assosiativ üzvükdən imtina etdi.

Səbəbi bu cür üzvlüyün Azərnbaycanı Aİ ilə münasibətlərin subyekti deyil, obyekti etdiyi ilə bağlıdır. Yəni assosiativ üzvlük faktiki olaraq AB-nin tələblərinə, istəklərinə və maraqlarına uyğun onunla inteqrasiyanı nəzərdə tutur. Bunun əvəzində Azərbaycan bərabərhüquqlu əməkdaşlığı təmin edən əməkdaşlıq paketi təklif etdi.

Müəyyən müqavimətdən sonra Brüssel, nəhayət ki, 2016-cı il noyabrın 14-də Federiki Moqeriniyə Azərnbaycanla hərtəfli əməkdaşlıq paketi üzrə danışıqlar aparmaq üçün mandat verdi. 2017-ci ilin fevralında yeni saziş üzrə danışıqlar başladı. 2018-ci ilin 11 iyulunda tərəflər “Tərəfdaşlığın prioritetləri haqqında” sənədi parafladılar. 

Lakin bu günə qədər həmin saziş imzalanmayıb.

Prezident İlham Əliyev Azərbaycanın 4 telekanalına 2019-cu ildə verdiyi müsahibədə vurğuladı ki, Brüssellə Ümumdünya Ticarət Təşkilatına üzvlük və enerji daşıyıcılarının qiyməti ilə bağlı ortaq nəticə əldə edilmədiyindən sazişin imzalanmır.

Ekspertlər bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində Brüsselin birmənalı Ermənistanı təcavüzkar adlandırmaması və Azərbaycan ərazisindən çıxmasını qəti tələb etməməsini də vurğulayırlar. Halbuki AB Ukrayna və Gürcüstanla bağlı həmişə konkret fikir bildirir.

Yuxarıda vurğulanan informasiyalardan nəticə çıxarmaq çətin deyil:

Avropa Birliyi rəsmi Bakının təklif etdiyi strateji tərəfdaşlıq haqqında sənədi imzalamadan, Azərbaycanla məsələləri tam razılşadırmadan hansı mənada yeni geniş əməkdaşlıqdan danışır?

Deyəsən, AB-nin dərd başqadır. Qurum nə olur olsun, Cənubi Qafqazın geosiyasi, siyasi, iqtisadi və təhlükəsizlik proseslərində aktiv iştirak etməklə konkret təsir imkanına malik olmaq arzusundadır. Amma bu arzudur!

Füzuli Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO