Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?

Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Mənəvi və hüquqi CİNAYƏT – Rusiya ordusuna qoşulan vətəndaşlarımızı NƏ GÖZLƏYİR?

587771

44 günlük müharibədən sonra Azərbaycan təkcə ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmədi, həm də regionda yeni bir güc formalaşdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilmir. Bu da nəticə etibarı ilə beynəlxalq aktorları Azərbaycanla hesablaşmaq məcburiyyətində qoyur. Eyni zamanda, xarici qüvvələr ölkəmizə təzyiq üçün fürsət axtarırlar.

Təbii ki, belə vəziyyətdə hər birimiz daha məsuliyyətli olmalı, düşmənlərin və rəqiblərin əlinə hansısa fürsət verməməliyik. Çox təəssüf ki, bəzi soydaşlarımız korporativ maraqları və xırda ehtiyacları üçün bəzi hallarda  düzgün yoldan çıxır, hətta düşmən dəyirmanına su tökürlər. Söhbət Rusiya tərəfindən Ukraynaya qarşı vuruşan soydaşlarımızdan gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın “QIRMIZI XƏTTİ” – Avropa bu addımı atsa, MÜHARİBƏ BAŞLAYACAQ


Cənnət axtarışına gedib, cəhənnəmi yaşayanlar

Son illər bəzi soydaşlarımızın sorağı Rusiya-Ukrayna müharibəsindən gəlir. Bu da kifayət qədər təəssüf və təəccüb doğuran məsələdir. İlk növbədə nəzərə alaq ki, Rusiya–Ukrayna müharibəsi iki dövlət arasında gedən silahlı qarşıdurmadır. Buna üçüncü bir ölkənin savaşa birbaşa müdaxiləsi yolverilməzdir. Eyni zamanda, digər ölkələrin vətəndaşlarının da bu müharibədə hansısa tərəfdən döyüşməsi doğru deyil. Çox təəssüf ki, bəzi azərbaycanlıların Rusiya tərəfdən döyüşməsi ilə bağlı tez-tez xəbərlər eşidirik.

Qeyri-rəsmi məlumatına görə, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb. Lakin bu şəxslərin Rusiya və Ukrayna vətəndaşları olduğu barədə dəqiq məlumat yoxdur.

Yalan vədlər fonunda real faciələr

Lakin bəzi mənbələrin yaydığı məlumata görə, həlak olan, itkin düşən və hazırda döyüşlərdə iştirak edən soydaşlarımızın bir çoxu Rusiyaya miqrasiya edənlərdir. Həmin miqrantların bir qismi kafe-çayxanalardan məcburi şəkildə toplanıb döyüş bölgəsinə göndərilib. Bəziləri isə yerli qurumların verdiyi yalan vədlərə inanaraq döyüş bölgəsinə könüllü gedib.
 

Qeyd edək ki, Rusiyada miqrantları könüllü müharibəyə cəlb etmək üçün yalan təbliğat-təşviqat kampaniyası aparılır. Deyirıər ki, kim könüllü müharibəyə getsə, ona savaşdan qayıdanda mənzil və yüksək sosial təminat veriləcək.


Bəzi soydaşlarımız da buna inanaraq özlərini odun-alovun içinə atırlar. Sonda isə canlarından olurlar. Ən yaxşı halda sağlamlıqlarını itirənlər sonda nəinki vəd olunanları alır, əksinə daha böyük problemlərlə üz-üzə qalırlar.

İldırımın acı hekayəsi

Yalan vədlərə aldanıb, müharibəyə gedən bir soydaşımızın başına gələnlər buna ideal örnəkdir. İldırım adlı bir soydaşımız 2020-ci ildə Azərbaycandan Rusiyaya gedib, 4 il sonra isə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, döyüş bölgəsinə gedib. Döyüşlərin birində o həm sənədlərini, həm də sağlamlığını -əlini və ayaqlarını itirib.

Nəzərə alaq ki, İldırımın döyüşə getməzdən əvvəl Rusiya vətəndaşlığı olmayıb. Bağlanan müqaviləyə və qüvvədə olan qanuna əsasən döyüşdən geri dönən İldırıma Rusiya vətəndaşlığı və digər vəd olunan imtiyazlar verilməli idi.

Bunun üçün də biometrik məlumatlar – yəni barmaq izi tələb olunub. Lakin İldırımın əlləri olmadığından ondan barmaq izi götürmək mümkün olmayıb. Nəticədə İldırıma nəinki vəd olunanlar, hətta ona lazım olan protezlər belə verilməyib. Əl-ayaqlarını Rusiya üçün itirən İldırım son çıxış yolu kimi Azərbaycandan kömək istəyib.

Təkcə özlərinə deyil, Azərbaycanın nüfuzuna da zərbə vururlar

İldırım və onun kimilər unudurlar ki, qəbul etdikləri səhv qərarla həm öz həyatlarını təhlükəyə atır, həm də hüquqi məsuliyyət yaradırlar. Hələ mənəvi məsuliyyəti demirik. Onlar bu cür hərəkətləri ilə Azərbaycanın adına ləkə gətirirlər.
 

Bəzi Qərb mətbuat resursları məqsədli və qərəzli şəkildə belə məlumatları manşetlərə çıxarırlar. Guya ki, Azərbaycan bu münaqişədə Rusiyanı dəstəkləyir və azərbaycanlılar da “könüllü” şəkildə Rusiya tərəfindən döyüşürlər.


Baxmayaraq ki, Azərbaycan münaqişənin ilk günündən Ukraynanın ərazi bütövlüyün dəstəkədiyini açıqlayıb, işğalı pisləyib. Ən əsası rəsmi Bakı Ukraynaya davamlı şəkildə maddi, humanitar dəstək göstərib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, Ukraynaya ümumi dəyəri 71 milyon manatdan və 44 milyon ABŞ dollarından artıq olan humanitar yardım göndərilib. Bu qədər yardım təkcə 2025-ci ildə edilib. Əvvəlki illərdə humanitar yardımların həcmi daha böyük olub.

Tarixi yaddaşla ziddiyyət – milli mənəviyyata zərbə

Dövlətimizin apardığı humanist siyasət və nümayiş etdirdiyi ədalətli mövqe fonunda bəzi soydaşlarımızın verdikləri qərarlar təbii ki, çox məyusedicidir. Dövlətimizin və xalqımızın mövqeyinə zidd olaraq fərdi şəxslərin Rusiya ordusu tərkibində döyüşməsi dövlətin balanslı xarici siyasətinə də zərər vurur və ölkənin haqlı mövqeyini zəiflətmək riski yaradır.

Yada salaq ki, Azərbaycan uzun illər işğala, ərazi bütövlüyünün pozulmasına və beynəlxalq hüququn laqeyd münasibətinə məruz qalıb. Belə bir xalqın nümayəndələrinin başqa bir ölkənin ərazisini işğal edən və mülki əhaliyə qarşı hərbi əməliyyatlar aparan dövlətin tərəfində döyüşməsi ciddi etik ziddiyyət yaradır. Bu, həm tarixi yaddaşa, həm də milli vicdana ziddir.

Qazi adına ləkə salanlar

Xarici müharibələrdə muzdlular və ya qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirak beynəlxalq hüquq baxımından cinayət hesab olunur. Bu cür fəaliyyətlər gələcəkdə həmin şəxslər üçün hüquqi nəticələr doğura, eyni zamanda Azərbaycan vətəndaşlarının imicinə zərər verə bilər. Bir neçə fərdin verdiyi yanlış qərar bütövlükdə bir xalqın adına kölgə sala bilməz. Lakin beynəlxalq ictimai rəy çox zaman fərdi davranışları ümumiləşdirir.

Digər tərəfdən, bu müharibədə iştirak edən bəzi Azərbaycanlıların sosial-iqtisadi səbəblərdən, təzyiq və ya məcburiyyət altında bu yola əl atdığı iddia olunur. Lakin heç bir maddi çətinlik mülki insanların öldürüldüyü, şəhərlərin dağıdıldığı bir müharibədə iştirak üçün bəraət ola bilməz. Çarəsizlik anlayışı insanı insanlıqdan uzaqlaşdırmamalıdır.

Bu mənada Rusiya–Ukrayna müharibəsində Rusiya tərəfində döyüşən azərbaycanlıların iştirakı nə mənəvi, nə hüquqi, nə də milli baxımdan əsaslandırıla bilər.

Ən təəssüf doğuran məqam odur ki, Rusiya tərəfindən döyüşənlər arasında az sayda da olsa, qazilərimiz var. Yəni, beş il əvvəl haqq savaşında döyüşən bəzi veteranlar, bu gün başqa bir ölkənin işğalçı müharibəsinə qoşulublar. Həmin şəxslər ilk növbədə müqəddəs qazi adına ləkə gətirirlər.

Qanunlar sözünü deməlidir

Belələrinə qarşı qanunlarımız öz sərt üzünü göstərməlidir. Azərbaycan qanunları zamanında Əfqanıstanda, İraqda, Suriyada və digər ölkələrdə terror təşkilatlarının sıralarında vuruşan soydaşlarımıza qarşı necə sərt idisə, bu gün Rusiya tərəfindən döyüşən azərbaycanlı miqrantlara qarşı eyni mövqe sərgilənməlidir. Həmin şəxslər beynəlxalq axtarışa verilməli, onlara qarşı cinayət işi açılmalıdır.
 

Müharibələr gəlir və keçir. Amma vicdanla və ya vicdansızlıqla verilən qərarların yükü insanın üzərində uzun illər qalır. Azərbaycanlı üçün ən doğru mövqe başqa xalqların faciəsində iştirak etmək deyil, sülhü, ədaləti və beynəlxalq hüququ dəstəkləməkdir.


Bir neçə nəfərin yanlış seçimi bütöv xalqın adına kölgə sala bilməz. Amma hüquq-mühafizə orqanları qanunların sərt üzünü göstərməsə, bu yanlış seçimlərin sayı arta bilər. Buna isə qətiyyən yol vermək olmaz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO