Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.
1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.
Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol
oynayır.
Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.
İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:44 / 11.12.2025
İlham Əliyevdən Sərdar Berdiməhəmmədova MƏKTUB
Hazırda oxunan: İlham Əliyevdən Sərdar Berdiməhəmmədova MƏKTUB
Hazırda oxunan: İlham Əliyevdən Sərdar Berdiməhəmmədova MƏKTUB
585032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































