Xəbər verdiyimiz kimi, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə Avropa İttifaqını(Aİ) hədələyib.
O, Aİ-nin Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsilə bağlı apardığı müzakirələrə reaksiya verərək, təşkilatın belə bir addım atmasının müharibəyə səbəb olacağını bildirib.
Medvedyev qeyd edib ki, belə bir vəziyyətin baş verməsi Rusiya üçün “casus belli” - yəni müharibə üçün əsas kimi qiymətləndirilə bilər və bu halda Moskva onu cavabsız qoymayacaq.
TŞ katibi istehza ilə onu da əlavə edib ki, Aİ Rusiya vəsaitlərini qanunsuz şəkildə götürərsə, həmin vəsaitləri sonra məhkəmələrdə deyil, real reparasiyalar şəklində ödəməyə məcbur olacaqlar.
Bu vəziyyət Avropanı iqtisadi böhran və ya müharibə variantını seçmək qarşısında qoyub.
Nəzərə alaq ki, təkcə müharibənin ilk ilində Avropa İttifaqı savaşın iqtisadi təsirlərini azaltmaq üçün 700 milyard avro xərcləyib. Ukraynaya yardım kimi isə 187 milyard avro sərf olunub.
Moskvanın açıqladığı rəqəmlərə görə isə, Avropa Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə ümumilikdə 1,6 trilyon avroya qədər itkiyə məruz qalıb.
Təbii ki, bu qədər zərəri müəyyən qədər də olsa kompensasiya etmək üçün Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi düşünür. Bu isə Rusiya ilə aktiv müharibə deməkdir.
Avropa hansı yolu seçəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasət nəticəsində Avropa Rusiya təhdidi qarşısında geri çəkilməsə də, “titrəməyə” başlayıb:
“Təəssüf ki, Avropada belə bir tendensiya hiss olunur. Güclü Avropa nədənsə Rusiya ilə mübarizə aparmaqda tərəddüd edir. Halbuki, bu yaxınlara qədər Avropa müharibə hazırlıqlarını bəyan edirdi. İndi isə köhnə qitə tərəddüd içindədir və bu təəccüb doğurur”.
Müsahibimiz qeyd edib ki, Rusiya əldən düşüb, belə vəziyyətdə Aİ hərəkətə keçmək əvəzinə, tələsməməyə üstünlük verir:
“Onlar Rusiyanın dirçəlməsinə imkan verməməlidirlər. Çünki Rusiya dirçəlsə, Ukraynadan sonra mütləq Avropaya hücum edəcək. Fikrimcə, Avropa İttifaqı sonda özündə güc taparaq Ukraynaya hərtərəfli dəstək göstərməyə məcbur olacaq”.
Rüfət Sultan, Bizim.Media


































































































