Prezident İlham Əliyev "Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Dövlət başçısı həmçinin 27 dekabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, məlumatlandırma mexanizmi sahəsində:
- sifarişçi tərəfindən Torpaq Məcəlləsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;
- məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;
- Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;
- məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;
- məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi nəzərdə tutulur.
Bizim.Media

























































































