Azərbaycan Xalq Partiyası növbədənkənar qurultaya hazırlaşır. Belə ki, dekabrın 14-də partiya üzvləri bir araya gələcəklər.
Bəs növbədənkənar qurultayın keçirilməsini zəruri edən səbəb nədir?
MÖVZU İLƏ BAĞLI:
Pənah Hüseyn partiya sədrliyindən getdi – Onu bu şəxs əvəz edəcək
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AXP sədri Pənah Hüseyn bildirib ki, o, 2025-ci ilin iyul ayından etibarən sədr səlahiyyətlərini icra etmir:
“Ona görə də yeni sədrin seçilməsi üçün qurultayın çağırılması zərurəti vardı. Növbəti həftənin bazar günü AXP-nin qurultay nümayəndələri bir araya gələcək və yeni sədr seçiləcək. Yəni qurultayda ancaq partiya sədri məsələsi müzakirə olunacaq”.
Pənah Hüseyn partiya sədrliyinə kimin namizədliyini irəli sürəcəyini də açıqlayıb:
“Təbii ki, hər bir qurultay nümayəndəsi sədr vəzifəsinə özünün və yaxud bir başqasının namizədliyini verə bilər. Bu səlahiyyətdən də istifadə edib mən də öz namizədimi irəli sürəcəm. Yəqin ki, mənim namizədim hazırda partiyanın səlahiyyətlərini icra edən, müavinim Qiyas Sadıqovdur”.
AXP sədri partiya sədrliyi ilə yanaşı siyasi arenadan gedəcəyi ilə bağlı iddiaları da cavablandırıb:
“Mən siyasətdən getmirəm, partiya sədrliyindən gedirəm. Partiyanın və Rəyasət Heyətinin üzvü kimi qalacam. Çünki Rəyasət Heyətinə seçkilər nəzərdə tutulmayıb. Siyasi fəaliyyətimi davam etdirəcəm”.
Qeyd edək ki, 1992-1993-cü illərdə Baş nazir və dövlət katibi kimi vəzifələrdə çalışan Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasını təsis edib. O, 1999-2003 və 2012-2025-ci illərdə Partiyanın sədri kimi fəaliyyət göstərib.
Surxay Atakişiyev, Bizim.Media

























































































