Keçən həftənin cümə günü Vaşinqtonda Prezident Donald Trampla baş tutan görüş Zelenski üçün arzuolunan nəticəni vermədi.
Belə ki, Ukraynanın uzaqmənzilli “Tomahawk” raketlərini almaq cəhdi baş tutmadı. Tramp bu raketlərin ABŞ-ın özünə lazım olduğunu deyərək, həmin silahları verməyi üzərinə götürmədi.
Bundan əlavə, Tramp bildirib ki, Rusiya ilə razılaşmadan imtina edəcəyi halda Ukrayna məhv ediləcək. Bu əsasda da ABŞ Prezidenti Zelenskidən ərazilərin itirilməsilə barışmağa çağırıb. Əvəzində Trampın yenidən rusiyalı həmkarı Putinlə görüşü gündəmdədir. Hansı ki, görüşün vaxtı hələlik bəlli olmasa da, keçirilmə yeri kimi Budapeşt göstərilir.
Yaranmış vəziyyət isə onu deməyə əsas verir ki, yaxın dövrlərdə Ukrayna üçün yaxşı heç nə gözlənilmir.
Bu əsasda görəsən, Ukraynanı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov təəssüflə bildirir ki, Ukraynanı acı bir aqibət gözləyir:
“İtkilər, insanların tələf olması, infrastrukturun dağılması kimi amillər hələ də gündəmdə əsas yer tutur. Qəzza bölgəsində İsrailin özbaşınalığına nəhayət bir reaksiya sərgilənsə də, Ukraynanın faciəsinə Trampı çıxmaq şərtilə Qərb birliyi əslində “əl çalır”. Tramp isə pis-yaxşı çalışır ki, Zelenskinin fikrini reallığa doğru yönəltsin. Zelenski nahaqdan insanların taleyilə oyun-oynayır.
Kiyevin təşəbbüsü ələ keçirərək, Rusiyanı məğlub etməsi xülyadır. “Tomahawk” oyunu da avantüradır. Onlar verilsə də müharibədə Rusiya duruş gətirəcək. Əksinə, Rusiya “Oreşnik”i işə salsa, Ukranyadan heç nə qalmayacaq”.
Ukrayna parçalanacaq.
“Ən yaxşı halda Ukrayna parçalanacaq. Kiçik bir ərazidə Ukrayna dövləti qalacaq. Bəlkə də ayrı-ayrılıqda iki Ukrayna yaransın. Ona görə ilk növbədə Ukrayna xalqı prezident məsələsinin aydın şəkildə gündəmə gəlməsini təmin etməlidir”, deyə politoloq bildirib.
Həmsöhbətimizin fikrincə, Zelenski hakimiyyəti təhvil verməlidir:
“Zelenskinin prezidentlik müddəti bitib. O, növbəti seçkilərdə məğlub olacaq və belədə onun xaricdən gələrək yerinə yetirdiyi sifarişlərin də sonu çatacaq. Zelenski hakimiyyəti təhvil verməlidir. Moskva onunla danışmayacaq. Budapeştdə olacaq danışıqlardan hansı nəticələrin əldə ediləcəyini demək çətindir. Amma bütün hallarda Zelenski danışıqlar masasında söz sahibi olmayacaq. Qərbin Ukraynaya rəhmi gəlirsə, gərək bu ölkədə hakimiyyət transferi barədə düşünsün”.
Rüfət Sultan, Bizim.Media