Qəzzada atəşkəs POZULDU – Savaş yenidən ALOVLANIR?

Qəzzada atəşkəs POZULDU – Savaş yenidən ALOVLANIR?

Hazırda oxunan: Qəzzada atəşkəs POZULDU – Savaş yenidən ALOVLANIR?

576240

Qəzzada atəşkəslə bağlı Şarm əl-Şeyxdə əldə olunan razılaşmadan bir həftə keçməmiş bölgədə yenidən toqquşma baş verib.

Məlumatlara əsasən, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahu orduya əmr verdi: "Qəzzada qətiyyətli tədbirlər görün"


Təl-Əvivin açıqlamasına görə, onların belə bir addım atmasına Qəzzadakı yaraqlıların  zolağın cənubundakı Rəfahda İsrail qüvvələrinə hücum etmələri səbəb olub. Buna cavab olaraq İsrail əraziyə hava zərbələri endirib.

HƏMAS-dan verilən açıqlamada isə qruplaşmanın  toqquşmadan xəbərsiz olduğu qeyd edilib.

Hadisədən sonra, İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bəyanat yayaraq, atəşkəs rejiminə əməl edəcəklərini, lakin hər hansı pozuntulara da sərt reaksiya verəcəklərini bildirib. 

Qeyd edək ki, bir həftə öncə, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində baş tutan Yaxın Şərq Sülh Sammitində Qəzza zolağında atəşkəsin əldə olunmasına dair saziş imzalanıb.   

Baş verən olay fonunda görəsən Qəzzada atəşkəs iflasa uğradı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynli düşünür ki, olay atəşkəs rejiminin iflasa uğraması anlamına gəlməsə də, sülh prosesini ciddi zədələyib:
 

“Proses onu göstərir ki, atəşkəs sazişi əldə olunsa da, Qəzza zolağında hazırda xaos vəziyyəti hökm sürür. Bu həm də atəşkəs sazişinin kövrək olduğuna işarədir. ABŞ Prezidenti Donald Tramp hər dəfə dünyanın bu və ya digər ərazilərində sülh yaratması ilə öyünür. O bildirirdi ki, daha İsraili Qəzzaya hücum etməyəcək. Amma gördüyümüz kimi, hər iki tərəfin səbirsizliyi üzündən bunun əksi baş verdi”.


Politoloqun fikrincə, atəşkəsə zəmanət verən ölkələr mövcud vəziyyətdə hərəkətə keçməlidirlər:

“Sazişə zəmanət verən dövlətlər var ki, Türkiyə də onların sırasındadır. Deməli, atəşkəs pozulmaqda davam edərsə, ona zəmanət verən dövlətlər hərəkətə keçməli olacaqlar. Amma bu olay heç bir halda sülh prosesinin iflasa uğraması anlamına gəlməməlidir. Bununla belə, baş verən hadisə sülh prosesini ciddi surətdə zədələdi. Yaranmış vəziyyət zəmanət verən dövlətlərin yenidən prosesə qarışmasını tələb edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO