Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfər edib. Səfər çərçivəsində Mehriban Əliyeva Roma Papası XIV Leo və digər Vatikan rəsmiləri ilə görüşlər keçirib.
Oktyabrın 17-də isə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Birinci vitse-prezidentin Vatikan şəhərinə səfəri ölkəmizin beynəlxalq aləmdə formalaşdırdığı humanitar diplomatiyanın ardıcıl və təsirli addımlarından biri kimi qiymətləndirilir. Bu səfər Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin, dünya mədəni irsinə göstərdiyi hörmətin və xalqımızın qədim tolerantlıq ənənələrinin bariz təcəssümüdür.
Humanitar diplomatiyanın uğurlu nümunəsi
Siyasi şərhçi Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycan diplomatiyasının yumşaq güc konsepsiyasının uğurlu tətbiqidir.
“Bu diplomatiyanın öz xüsusi yeri və təyinatı var. Yumşaq güc bəzən rəsmi diplomatiyanın çətinlik çəkdiyi məsələləri daha çevik şəkildə həll edir. Bu, xalqlar arasında anlayış, etimad və dialoq üçün yeni yollar açır,” – deyə Abbasov bildirib.
O qeyd edib ki, Vatikan təkcə dini mərkəz deyil, həm də qlobal siyasi proseslərdə fəal iştirak edən institutdur:
“Belə bir şəraitdə Azərbaycanın bu səviyyədə dialoq qurması böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun İtaliya və Vatikanla uzunmüddətli layihələri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə başlanıb və məntiqi sonluğa çatdırılıb. Bu, həm mədəni, həm mənəvi diplomatiya baxımından mühüm bir örnəkdir. Çünki belə təşəbbüslər xalqları bir-birinə yaxınlaşdırır, etimad mühitini möhkəmləndirir,” – deyə politoloq vurğulayıb.
Azərbaycan xalqının zəngin tolerantlıq irsinin təcəssümü
Ekspertin fikrincə, Azərbaycanın bu tip təşəbbüsləri postmüharibə dövründə sabitləşdirici və etimad yaradan element kimi çıxış edir. O, həmçinin vurğulayıb ki, Ermənistanın illərlə apardığı təbliğat kampaniyalarına baxmayaraq, beynəlxalq aləm, o cümlədən Vatikan, Azərbaycanın sülhsevər və konstruktiv siyasətini daha obyektiv qiymətləndirməyə başlayıb.
“2015-ci ildə Ermənistanın qondarma soyqırımı tədbirlərinə baxmayaraq, Vatikan bu təbliğata uymadı. Əksinə, sağlam mövqe sərgilədi. Bu, Azərbaycanın mövqeyinin haqlı olduğunun göstəricisi idi,” – deyə Abbasov əlavə edib.
Tofiq Abbasovun sözlərinə görə, Mehriban Əliyevanın humanitar missiyaları həm Azərbaycanın xarici siyasətində sabitləşdirici amil, həm də qlobal dialoqun dərinləşməsi üçün vacib platforma yaradır:
“Azərbaycanın xarici konturlarında həyata keçirdiyi bu kimi təşəbbüslər həm millətimizin, həm də dövlətimizin xeyrinə işləyir. Biz artıq çox vacib presedentlər yaradırıq – sülh, qarşılıqlı hörmət və dialoq üzərində qurulan nümunələr,” – deyə ekspert yekunlaşdırıb.
Nəzrin Elxan, Bizim.Media