Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi təmaslar, uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən, üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova həmçinin Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə də görüşüb. Söhbət zamanı üçüncü üçtərəfli görüşün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr olub.
Bizim.Media