Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü KEÇİRİLDİ -YENİLƏNİB/FOTO

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü KEÇİRİLDİ -YENİLƏNİB/FOTO

Hazırda oxunan: Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü KEÇİRİLDİ -YENİLƏNİB/FOTO

574959

Bu gün Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
 

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələrin bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib.


Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb.

Bugünkü müzakirələrin üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Ş.Mustafayev üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyinə diqqət çəkib. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu vurğulanıb.

Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın böyük önəm kəsb etdiyi bildirilib.

Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb.

Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcminin 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edildiyi, bu həcmin tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon tona qədər artırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Ş.Mustafayev 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini xatırladıb. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğu bildirilib.
 

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunub.


Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.

Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır. Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal- Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Körfəz ölkələrini Qara Dənizə bağlayacaq.

Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hal-hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib.

Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin energetika sahəsində əməkdaşlığın gündəliyində durduğu qeyd edilib.

Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.

Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.

Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

*** 10:08

Bakıda Azərbaycan, Rusiya və İran hökümət nümayəndələrinin üçtərəfli görüşü keçirilir.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edirlər.

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO