44 günlük savaş ərzində Xəzər dənizinin o tayından, bəzi türk dövlətləri vasitəsilə Rusiya Ermənistana müəyyən silah yardımları edirdi. Oxşar yükdaşımalar İran ərazisindən də həyata keçirilib. İran ərazisindən hərbi sursatla yanaşı, terrorçu kimi bilinən silahlılar da işğalçıların yardımına göndərilirdi.
Bizim.Media-nın informasiyasına görə, II Qarabağ savaşının başlanmasının elə 2-ci günündə İrandan Ermənistana silah daşıyan yük maşınlarının video və fotoları internetdə yayılmışdı.
Həmin görüntüləri isə, İranın İslam həmrəyliyinə sığmayan davranışlarını qınayan cənublu soydaşlarımız lentə almışdı. Daha sonra Tehranın ermənipərəst siyasətinə farslar da etiraz etməyə başladı və “Norduz” gömrük məntəqəsindən Ermənistana daşınan yardımlara qarşı çıxdılar.
I Qarabağ müharibəsində İranın erməniləri müxtəlif yollarla dəstəklədiyini əks etdirən faktlar mövcud olsa da, həmin dövrdə Tehranın Azərbaycan tərəfində olduğunu iddia edən iranpərəstlər də var. Yoxsa politoloq Zərdüşt Əlizadə saytımıza müsahibəmizdə Qarabağ mövzusunda İranı ağızdolusu tərifləməzdi.
Lakin bloger Bəxtiyar Hacıyev Türkiyə liderinin 44 günlük savaşdan sonrakı paradda bir bənd bayatı ilə İranın əsl mövqeyinə cavab verdiyini açıqlamışdı. Saytımıza danışarkən millət vəkili Fazil Mustafa bu barədə bəzi detalları açıqlamışdı.
Beynəlxalq münasibətlərin təhlili üzrə şərhçi Əziz Əlibəylinin müsahibəsində də Tehran siyasətinin əsl mahiyyəti və onun regiondakı bəzi çirkin oyunları analiz edilmişdi.
“Tarixi faktdır ki, Rusiya-İran müharibəsindən sonra Azərbaycan əraziləri parçalandı” deyən politoloq İlyas Hüseynov əlavə edib ki, “İran hökuməti cənublu soydaşlarımıza müxtəlif təzyiqlər göstərsə də, orada yaşayan ermənilər üçün yaxşı şərait yaradıblar.
Digər tərəfdən 44 günlük “Dəmir yumruq” kodu altında hərbi əməliyyatlarda Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanması fonunda İrəvanın nəfəslikləri Gürcüstan və İran idi.
Rəsmi Tbilisinin ermənilər üçün quru və hava məkanını bağlamasından sonra isə, Ermənistana həm terrorçuların, həm silah daşımalarının şimaldan təmin olunması mümkünsüzləşdi. Yeganə çıxış yolu İran idi. Bir şey ki, Rusiyadan gələn hərbi yüklərin daşınması da İran üzərindən reallaşdırılırdı”.
“Eləcə də, Yaxın Şərqdən terror ünsürlərinin, terrorçuların Ermənistana gətirilməsi yalnız İran üzərindən mümkün idi” deyən politoloq əsgərlərimizin Ağbənd məntəqəsini işğaldan azad etməsi ilə Azərbaycanın cənub sərhədinə tam nəzarəti bərpa etdiyini bildirdi.
Bəzi əcnəbi ekspertlər iddia edirlər ki, Qarabağda Azərbaycana qarşı vuruşmaq üçün gətirilən terrorçular müxtəlif ölkələrdə təlim görüb. Elə İrəvanın əsas terror dayaqlarından olan “ASALA” Livanın paytaxtı Beyrutda yaradılıb və digər ölkələrə də yayılıb.
Açıq fikirləri ilə yaddaqalan mütəxəssislərdən bəziləri isə, 44 günlük savaşda ermənilərə kömək üçün gətirilən terrorçular son təlimlərini məhz İranda keçiblər. Hətta İranda terrorçu yetişdirən bazalarının mövcudluğundan bəhs edənlər də var. Əlbəttə ki, İran tərəfi belə informasiyaları təkzib edir və bu xəbərləri qərbin Tehrana qarşı yürütdüyü informasiya müharibəsi adlandırır.
İlyas Hüseynov onu da qeyd edir ki, fakt fakt olaraq qalır, terrorçular quş deyillər, onların İran ərazisindən tranzit kimi istifadə etdiyi, hətta Rusiyanın, İsrailin, ABŞ-ın kəşfiyyat məlumatlarında da yer alıb.
Anar Rəhimov, Bizim.Media