Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.
Bizim.Media xəbər verir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür.
Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlərinin əhəmiyyəti danılmazdır.
Növbəti görüşlər Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, həmçinin Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyev, Birlik Partiyasının sədri Xudadat Xudiyev, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov, Qorqud Partiyasının sədri Firudin Kərimov və Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndiyev ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında olub.
Görüşlər zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Vətən müharibəsi ətrafında fikir mübadiləsi zamanı bildirilib ki, əldə olunan qələbə ölkənin tarixinə qızıl hərflərlə yazılacaq hadisədir.
Ölkənin və ümumiyyətlə regionun inkişafında böyük dəyişikliklərə səbəb olacaq Qələbə hələ uzun illər ərzində alim və siyasətçilər tərəfindən tədqiq ediləcək. 44 gün davam edən müharibə zamanı bütün dünya Azərbaycanda yaşanan ümummilli və siyasi həmrəyliyə şahid olub.
İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstək və inamı bu birliyin və həmrəyliyin zəmanətidir. “Ölkədə yaşanan həmrəylik siyasi dialoq üçün münbit şərait yaradır” fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi iqtidarın siyasi partiyalar ilə mövcud əməkdaşlığının daha da şaxələnməsində maraqlı olduğunu bildirib.
Vətən müharibəsində qazılan şanlı Qələbə, ölkəmizin açıq hərbi üstünlüyü, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərinləşməsi, ATƏT-in münaqişə ilə bağlı fəaliyyətinə dair cəmiyyətimizdə formalaşmış neqativ ictimai münasibət, ölkənin artan beynəlxalq hərbi və siyasi nüfuzu, iqtisadi potensialımız və bir sıra digər amillər ölkəmizə qarşı yeni informasiya təxribatlarına səbəb ola bilər. Sözügedən ehtimalı vurğulayan Ə.Vəliyev ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövcud istiqamətdə güclərinin səfərbər olmasının vacibliyini xüsusi olaraq qeyd edib.
Siyasi partiyaların rəhbərləri ilə aparılan fikir mübadiləsi çərçivəsində Ədalət Vəliyev vurğulayıb ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir.
Açıq dialoqa və müzakirələrin davamlı şəkildə aparılmasında maraqlı olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların ölkənin gələcək inkişafı ilə bağlı bütün sahələri əhatə edən təkliflərini dinləməyə, həmçinin onların reallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib. Odur ki, ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar da öz növbəsində həmin münasibətlərin dərinləşməsində maraqlı olmalıdır.
Görüşlər çərçivəsində siyasi və milli həmrəylik naminə partiyalar arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin zəruriliyini vurğulayan Ə.Vəliyev ölkəmizdə siyasi mədəniyyətin inkişafı məsələsinə də toxunub. Qeyd edib ki, siyasi mədəniyyətin məzmunu bilavasitə ölkənin demokratik potensialı ilə bağlı olduğu üçün mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Odur ki, birgə maarifləndirmə işlərinin aparılması iqtidar-müxalifət əməkdaşlığının əsas perspektiv istiqamətlərindən biri ola bilər.
Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlər boyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.
Siyasi partiya rəhbərləri iqtidarın dialoq istiqamətində atdığı addımlarını, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasını, Vətən müharibəsi qazilərinə və şəhid olmuş şəxslərin ailələrinə dəstək naminə “YAŞAT” Fondunun yaradılmasını yüksək qiymətləndirib, habelə ölkədə aparılan sistemli islahatların vacibliyini vurğulayaraq dövlətin inkişafı və milli həmrəyliyin qorunması naminə bütün təşəbbüslərdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:45 / 18.12.2020
Prezident Administrasiyası partiya rəhbərləri ilə görüşdü
Hazırda oxunan: Prezident Administrasiyası partiya rəhbərləri ilə görüşdü
Hazırda oxunan: Prezident Administrasiyası partiya rəhbərləri ilə görüşdü
5620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.