“Çin Avrasiya məkanında qlobal layihələrin həyata keçirilməsinin tərəfdarıdır. Çünki, Çin artıq dünyanın 1-ci iqtisadiyyatına çevrilməkdədir. Onların istehsal qüvvələri, iqtisadi və quruculuq potensialı böyük sürətlə inkişaf edir. Bu səbəbdən Çinin regionumuza böyük diqqəti var”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Çin və ABŞ nefti ucuzlaşdırmaq üçün birləşdi
Belə ki, İran və Türkiyə xarici işlər nazirlərinin Çinə gözlənilən səfəri ilə bağlı fikirlərini bölüşən politoloq, Pekinin bölgəmizə olan marağını bu cür izah edib:
“İlk növbədə, Pekinin ABŞ və Hindistanla çoxsaylı iqtisadi rəqabət paradiqmaları var. Bu baxımdan, Çin Avropa istiqamətində öz malları üçün maneəsiz dəhlizlər açmaqda maraqlıdır. Çinin “Bir kəmər, bir yol” layihəsi də məhz bu məqsədə yönələn layihədir. Pekin bu proyektdə qoşulan hər bir ölkəyə kreditlər verməyə, eyni zamanda əməli dəstək göstərməyə hazır olduğunu bildirir.
İndi Çin anlayır ki, Türkiyə, İran, Azərbaycan Pekin üçün əhəmiyyətə malikdir. Xüsusilə də, Bakı-Tiflis-Ceyhan və digər regional dəhlizlər Çin üçün böyük imkanlar yaradır. Bu səbəbdən də, adıçəkilən ölkələrin Çinlə ortaq planları var”.
Bundan əlavə, Tofiq Abbasov Çin-İran, Çin-Türkiyə əlaqələrinin spesifik xüsusiyyətlərini da ayrı-ayrılıqda şərh edib:
“Çinlə İran arasında yaxınlaşmanın strateji səbəbləri var. Belə ki, İrana qarşı ABŞ-ın güclənən sanksiya siyasəti var. Və eyni zamanda Tehran nüvə silahı əldə etmək məqsədindən elə də uzaq deyil. Hətta bəzi mənbələr İranın artıq nüvə silahını əldə etdiyini də qeyd edirlər. Sadəcə olaraq, Tehran özünəməxsus istixarə edir ki, görsün əsas qüvvələr ona qarşı hansı münasibətdə olacaqlar. Bu səbəblərdən, İranın Çinlə xüsusi əlaqələri var. Türkiyənin də Çinlə birgə böyük planları var. Belə ki, Pekin Şərq-Qərb dəmir yolu layihəsi ilə bağlı artıq öz təkliflərini verib və investisiya ayırmağa da hazırdır”.
Politoloqun qənaətinə görə, adı çəkilən ölkələr Avrasiyada yeni düzənin formalaşdırılmasında birgə çıxış edə bilərlər. Müsahibimizin fikrincə, Rusiya faktorunu buradan çıxdaş etmək olmaz:
“Bu ölkələr Avrasiya məkanında yeni konfiqurasiyanın qurulmasını öz üzərilərinə götürürlər. Təbii ki, burada Rusiya da məsələlərə biganə deyil. Çünki Moskvanın da öz planları var. Pekin də çalışır ki, öz yüklərinin müəyyən hissəsini də Rusiya vasitəsilə Avropaya ixrac etsin.
Lakin Azərbaycandan da keçən cənub marşrutu üzrə yüklərin daşınmasında Çin daha maraqlıdır. Çünki bu arealda yerli qüvvələr də fəal mövqedədirlər.
Rusiya, Qazaxıstan böyük ərazilərə malik olsa, da əhali xeyli azdır və məskunlaşma olmayan bölgələr çoxdur. Həmin regionda infrastrukturun sıfırdan inşası daha çətindir. Ancaq bizdə bu sarıdan vəziyyət xeyli əlverişlidir. Bu səbəbdən də Çin çalışır ki, regional müttəfiqləri ilə əlaqələrini sıxlaşdırsın və gələcəklə bağlı özü üçün aydın mənzərə çizsin”.
Murad Əhmədov, Bizim.Media