“Baş verənlər süni şəkildə kənarda hazırlanaraq Qazaxıstana atılmış bir avantüradır. Bu avantüra Qazaxıstanın müstəqillik illərində əldə etdiyi uğurları yox etmək, Qazaxıstanı parçalamaq, Qazaxıstanın daxilində müəyyən marionet – oyuncaq hökumətləri formalaşdırmağı nəzərdə tutur” deyən eks dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Qazaxıstan postsovet məkanında ən inkişaf etmiş, əhalinin rifah şəraiti yüksək olan ölkələrdəndir.
Bizim.Media ilə özəl müzakirələr zamanı professor əlavə edib ki, sadalanan son parametrlərə görə Qazaxıstan Rusiyadan da üstündür.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan etirazlarının MƏNTİQİ – Kim və nədən narahatdır?
Qaragüruhun ayağa qalxması və müvəffəqiyyətlə inkişaf edən ölkəni qaranlığa sürükləmək istəyi xarici qüvvələrin təsiri ilə meydana gəlib.
Qabil Hüseynli sözlərinə təsdiq kimi Qazaxıstanın son zamanlar qərbə inteqrasiya xəttini götürməsini, ölkədə kiril əlifbasından imtina olunub latına keçidi, Türk Dövlətlər Təşkilatının yaradılmasında əsas təşəbbüskarlardan biri olmasını, rus dilinin rəsmi danışıq dili səviyyəsindən uzaqlaşdırılması və başqa milli xatrakterli addımları önə çəkib:
“Sözsüz ki, bu, bəzi dairələrin xoşuna gəlməyib və hakimiyyət əleyhinə mübarizə əhval-ruhiyyəsi doğurub. Hələki hadisələrin görünən tərəfi bunlardır. Hazırda heç Qazaxıstana müxtəlif köməklik etmək istəyən qüvvələrin də niyyətləri bəlli deyil. Zənnimcə, çox həssas dövrdür.
Bu zaman kəsiyində Qazaxıstan xalqı, xüsusilə onun ziyalıları, qabaqcıl dairələri başa düşməlidir ki, ölkənin son müstəqillik illərində əldə etdiyi nailiyyətləri dağıtmaq, Qazaxıstanı parçalamaq kimi xəbis niyyətləri olan qüvvələrlə qarşı-qarşıya durublar.
Ona görə də son dərəcə ehtiyatlı olmalıdırlar.
Düşünürəm ki, Qazaxıstandakı münasibətlər tezliklə ram ediləcək, nəzarət altına alınacaq. Bunun qonşu dövlətlərə, ələlxüsus da Türk Dövlətləri Təşkilatına təsir edəcəyini zənn etmirəm. Qazaxıstan güclü dövlətdir və xainlərin qurduğu sui-qəsd planlarını alt-üst edəcək”.
Bizim.Media