“Azərbaycan ötən il qarşısına qoyduğu bütün məqsədlərə çatıb” - İlham Əliyev - VİDEO

“Azərbaycan ötən il qarşısına qoyduğu bütün məqsədlərə çatıb” - İlham Əliyev - VİDEO

Hazırda oxunan: “Azərbaycan ötən il qarşısına qoyduğu bütün məqsədlərə çatıb” - İlham Əliyev - VİDEO

53427

“2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dünən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətdə səsləndirib. 

“Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir”, deyə o, qeyd edib. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycan ötən il Türk Şurasına sədrliyi uğurla başa vurub:

“Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunmuşdur”.

Azərbaycan lideri hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır:
 

“Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm”.


Azərbaycan Prezidenti dekabr ayında NATO və Avropa İttifaqına etdiyi səfərlərdən də söz açıb:

“Bu səfərlərim uğurlu olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO