Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-rəsmi yığıncağının keçiriləcəyi artıq rəsmi şəkildə öz təsdiqini tapıb. Lakin görüşün hər nə qədər qeyri-rəsmi olduğu bildirilsə də, bir sıra ciddi məsələrin müzakirə predmeti olacağı əksər ekspertlərin ortaq qənaətidir.
Mövzu ilə bağlı politoloq, jurnalist Anar Həsənov Bizim.Media ilə fikirlərini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə Rusiya mətbuatı – Azərbaycanlı jurnalistdən CİDDİ ANALİZ
Politoloq ilk öncə, MDB-nin bir təşkilat olaraq məqsəd və məramını şərh edib:
“Əvvəlcə onu qeyd edərdim ki, MDB inteqrasiya yox dezinteqrasiyanın, yəni uzaqlaşmanın qarşısını almaq məqsədilə qurulan regional təşkilatdır. Xatırlayırsınızsa, V. Putin bir zamanlar bu təşkilatı “sivil boşanma” kimi təqdim etmişdi. Yəni, o, 90 cı illərdə ziddiyyətli münasibətləri olan dövlətlər arasında dialoq üçün yaradılmışdı. Bu günə kimi onun üzvlüyünü Rusiyaya demarş olaraq Gürcüstan və Ukrayna tərk edib. Bu o deməkdir ki, təşkilat Rusiyamərkəzlidir, Moskvanın layihəsidir”.
Fikirlərinin davamında Anar Həsənov sammitdə müzakirə olunacaq məsələləri diqqətə çatdırıb:
“Elə diqqəti çəkən məqam da nəzərdə tutulan qeyri-formal sammitə qərbyönümlü postsovet dövləti hesab edilən Moldovanın dəvət almamasıdır. Hesab edirəm ki, bu təsadüfi deyil. Çünki bu görüşdə dəvət almış dövlətlər arasında hərbi və iqtisadi yaxınlaşma mövzuları müzakirə ediləcək. Söhbət MDB dövlətlərinin vahid müdafiə sistemindən, sərhədlərin birgə mühafizəsindən gedir”.
Politoloq MDB tərəfindən hərbi sahədə, sözügedən formada əməkdaşlıq ideyasının daha əvvəl də ortaya atılması məsələsini də xatırladıb:
“Belə təkliflər əvvəllər də verilib, hətta general Şamanovun rəhbərliyi altında MDB ordusu yaratmaq planı da olub, amma bir qayda olaraq Ukrayna, Moldova təklifi iqnor edib. İndi isə sammitə nə Moldova dəvət edilib, nə də Ukrayna MDB-nin üzvüdür. Rusiyanın məqsədi postsovet məkanında olan “avtoritar beynəlmiləl” klubu kimi tanınan dövlətlər arasında telləri gücləndirməkdir”.
Təşəbbüs Putinin nüfuzuna bağlıdır...
“Əgər Türkiyə postsovet ölkələri ilə inteqrasiya prosesini həm zərif gücü, həm də Ərdoğanın şəxsi nüfuzu sayəsində həyata keçirə bilirsə, Rusiyanın yaxınlaşma təşəbbüsləri birbaşa Vladimir Putinin nüfuzuna bağlıdır, çünki Moskvanın zərif gücü effektiv deyil. MDB-nin Avropa İttifaqı qədər keyifiyətli və funksional təşkilata çevirməsi inandırıcı deyil, bu isə üzv olan dövlətlərin siyasi sistemlərin funksionallığına aid bir məsələdir”.
Murad Əhmədov, Bizim.Media