İranın SƏMİMİYYƏT OYUNU Qulamhüseyn Əlibəylinin ŞƏRHİNDƏ

İranın SƏMİMİYYƏT OYUNU Qulamhüseyn Əlibəylinin ŞƏRHİNDƏ

Hazırda oxunan: İranın SƏMİMİYYƏT OYUNU Qulamhüseyn Əlibəylinin ŞƏRHİNDƏ

52284

İran-Azərbaycan münasibətləri son dönəmlərdə inkişaf mərhələsində olsa da, Tehranın bəzi davranışları müəyyən müəmmaların yaranmasına səbəb olur.

Bu cür addımlardan biri də 3 gün öncə dekabrın 21-də atıldı.
 

MÖVZU İLƏ BAĞLI:

İranla növbəti danışıqların vaxtı - Vyanada razılşama olacaq?


Belə ki, həmin gün İran parlamentindən bir sıra deputatlar İrəvana səfər çərçivəsində qondarma erməni soyqırımı abidəsini ziyarət ediblər. Ziyarət sırasında, nümayəndə heyətində yer alan İran parlamentinin Xarici əlaqələr və təhlükəsizlik komissiyasının sədri Mahmud Əhmədi Biqaş türklərin ünvanına ittihamlar səsləndirib. Parlamentin yüksək rütbəli təmsilçisi qeyd edib:

“Məni xüsusilə o kədərləndirir ki, insanlar bunu törədəcək qədər və hətta törətdiklərini də etiraf etməyəcək qədər dəhşətli ola bilirlər...”

Digər maraqlı nüans isə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dekabrın 22-də Azərbaycana rəsmi səfər etməsidir. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

İran tərəfindən yaxın günlərdə iki fərqli istiqamətdə addımların atılması isə, rəsmi Tehranın Azərbaycanla münasibətlərində səmimi olması ilə bağlı ciddi şübhələr doğurub.

Sözügedən mövzuda Bizim.Media ilə fikirlərini bölüşən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İranın hər zaman bu cür davranış sərgilədiyini qeyd edib:

“İran Azərbaycanla münasibətlərində hər zaman ikili davranış sərgiləyib. İran hökuməti hələ Birinci Qarabağ Müharibəsində də ermənilərə dəstək verib. Hətta Ermənistan rəsmiləri sonradan, bu yardımlara görə rəsmi Tehrana təşəkkür belə ünvanlayıblar. Azərbaycanın bir dövlət kimi mövcudluğu İranı narahat edən məsələdir. Bu səbəbdən də vaxtaşırı olaraq, bəhs etdiyimiz formada mövqelərini ortaya qoyurlar”.

44 günlük savaş hər şeyi dəyişdi...

“Lakin Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi və bölgədə nüfuzunu möhkəmləndirməsi, istər-istəməz Tehranı da xarici siyasətdə müəyyən dəyişikliklərə sövq etdi. Yəni İran başa düşdü ki, bölgədə olan-qalan nüfuzlarını da itirəcəklər. O baxımdan da, Azərbaycanla münasibətlərini bir qədər yaxşılaşdırmaq istəyirlər. Lakin əvvəlki iddialarından da tam şəkildə imtina etmək istəmirlər”, - deyə partiya sədri bildirib. 

Qulamhüseyn Əlibəyli İranın eyni vaxtda iki fərqli yöndə siyasət yürütməsini isə bu cür qiymətləndirib:

“Hesab edirəm ki, xarici işlər nazirinin Bakıya səfəri Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına yönələn addım kimi nəzərdən keçirilməlidir. Buna paralel olaraq, parlamentarilərin İrəvana səfəri isə, Tehranın Ermənistanla birlikdə olduğunu nümayiş etdirən bir addım idi”.

- Sizcə, İran bu cür ikili siyasət yürütməklə öz məqsədlərinə nail ola biləcəkmi?

“Hal-hazırda bizim Ermənistanla müəyyən problemlərimiz var. Lakin Azərbaycan qalib tərəf kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasında və bölgədə qarşılıqlı hörmət mühitinin formalaşmasında maraqlıdır. Lakin Ermənistanla Azərbaycan daimi olaraq düşmən kimi yaşamayacaq. İran da bunu yaxşı anlayır. Buna görə də, rəsmi Tehran hər iki ölkə ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. İstənilən halda, İranın Azərbaycanla münasibətləri normallaşdırmaq istəməsi bizim üçün müsbət amildir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO