Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı Vladimir Zelenski arasında Brüsseldə görüş baş tutub.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Ən diqqət çəkən məqam isə, Zelenskinin İlham Əliyevdən Krımda və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi prosesində iştirak etməyi xahiş etməsi idi.
Liderlərin görüşünü Bizim.Media üçün şərh edən politoloq, jurnalist Anar Həsənov Zelenskinin İlham Əliyevə müraciətini dövlət maraqları ilə əlaqələndirib:
“Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətləri intensivləşdirmək cəhdlərinin arxasında sözsüz ki, dövlət maraqları durur. Ukrayna post-sovet məkanında güclü potensialı olan dövlət kimi, əgər Avrasiya materikində yerləşən Azərbaycana müraciət edirsə, bu o deməkdir ki, Qərb artıq Avrasiyaya diqtə edə bilmir. Dünyada dövlətlər arasında rəqabət getdikcə güclənir. Ona görə də, müəllim və tələbə, lider və geri qalmış dövlətlər anlayışını Azərbaycana şamil etmək olmur. Bu baxımdan qlobal hadisələrə münasibətdə orta həcmli dövlətlər artıq öz mövqeylərini ortaya qoyurlar”.
- Ukrayna Türk Alyansının gücündən istifadə etməyə çalışır?
“Ukraynada artıq bunu anlayırlar. Bilirlər ki, Azərbaycan Türk dünyasında imici yüksək olan dövlətdir. Zelenski də, saxlanılan ukraynalılarla bağlı təkcə Azərbayacan yox, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət etmişdi. Baydenə də həmin siyahı verilib. Lakin Azərbaycana və Türkiyəyə müraciətin səbəbi Türk dünyasının güclənməsi ilə bağlıdır. Sözsüz ki, Ukrayna da anlayır ki, slavyan ittifaqı olmadığı halda, bu ittifaqa kömək edə biləcək türk alyansı var. Bu baxımdan da Kiyev Türk alyansından öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışır”.
Anar Həsənov Ukrayna ilə yanaşı, Rusiyanın da Türk alyansı ilə münasibətlərin inkişafında maraqlı olmasına diqqət çəkib:
“Maraqlısı budur ki, slavyan dövlətləri olan Rusiya və Ukrayna arasında ziddiyət olsa da, hər iki tərəf Türk Birliyindən yararlanmağa çalışır. Sözsüz ki, Türk Dövlətləri Birliyi bu məsələdə tərəf olmayaraq, öz maraqlarını qoruyacaq. Maksimum dərəcədə çalışılacaq ki, Avrasiya materikində yerləşən dövlətlər Qərbin təsiri altına düşməsin”.
Politoloq Azərbaycan-Ukrayna münasibətlərinin gələcək seyri haqda da önəmli nüanslara toxunub:
“Düşünürəm ki, Kiyevlə münasibətlər artan templə inkişaf edəcək. Ukrayna Azərbaycanla oxşar problemlərlə qarşılaşıb. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və bütün ölkələr öz ərazilərinin suverenliyini təmin etmək istəyirlər. Bu kimi məsələlərdə Azərbaycan-Ukrayna münasibətlərində müttəfiqlik mövqeyi sərgilənəcək. Lakin qonşu Rusiyanın maraqlarına zidd olmamaq şərti ilə...”
Sonda isə, Anar Həsənov Azərbaycanın regionda balanslı siyasət yeritməsinin qazandırdığı dividendlərlə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan regionda yeganə dövlətdir ki, Rusiya, Ermənistan və Gürcüstandan fərqli olaraq tərəf deyil. Rəsmi Bakı xarici siyasətində balansı qoruya bilir. Ermənistanın və Gürcüstanın bu səbəbdən düşdüyü vəziyyət bəllidir. Azərbaycan isə doğru siyasət yürütməklə ərazi bütövlüyünü hissə-hissə bərpa edir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 17.12.2021
Zelenskinin İlham Əliyevdən xahişinin SƏBƏBLƏRİ – Anar Həsənovun TƏHLİLİ
Hazırda oxunan: Zelenskinin İlham Əliyevdən xahişinin SƏBƏBLƏRİ – Anar Həsənovun TƏHLİLİ
Hazırda oxunan: Zelenskinin İlham Əliyevdən xahişinin SƏBƏBLƏRİ – Anar Həsənovun TƏHLİLİ
51014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.