Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Baxmayaraq ki, tərəflər Brüsseldə həm ikilikdə, həm də üçlükdə görüşmüşdülər.
Bəzi siyasi ekspertlər düşünürlər ki, təcili təşkil olunan bu görüş, Makronun gələn ilin aprel ayında ölkədə keçiriləcək prezident seçkiləri üçün hesablanmış hiyləgər bir addımıdır. Çünki o, bu yolla Fransada yaşayan erməniləri ələ almaq istəyir.
Məsələ rusiyalı ekspertlərində gözündən və icmallarından yayınmayıb. Hərbi, siyasi və hüquqi məsələlər üzrə tanınmış rus ekspert Oleq Kuznetsovun da fikrincə, proseslər məhz yazda ölkədə keçiriləcək seçkilərlə sıx əlaqədardır:
MÖVZU İLƏ BAĞLI:
Rusiya istehsalı olan Mİ-17 helikopterlərinin partlaması haqqında Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA
“Makron ancaq öz maraqlarını güdən eqoist və hiyləgər bir siyasətçidir. Aprel ayında Fransada seçkilərdə o, yenidən öz namizədliyini irəli sürmək istəyir. Ona görə də o, ermənilər üçün canfəşanlıq edərək, erməni lobbisinə özünü şirin salmaq istəyir. Çünki seçkilərdə onların dəstəyi Makron üçün vacib faktorlardan biridir. Ermənilər Fransa əhalisinin təxminən 1 milyonunu əhatə edir. Bu isə seçkilərdə ciddi səs fərqi ilə qalib gəlmək üçün çox vacibdir. Makron bu görüşün təşəbbüskarlığı ilə erməni diasporasının səslərini qazanmaq istəyir”.
Siyasi analitik düşünür ki, Makron bu yolla seçkilərdə rəqiblərini tərkisilah edərək onları proseslərdən uzaqlaşdırmaq istəyir. Çünki Makronun siyasi rəqibləri də ermənilərlə işbirliyindədir:
“Elə bu səbəblə də onlar da bu yaxınlarda ermənilərin səs çoxluğunu toplamaq üçün İrəvana səfər ediblər. Makron isə bundan çox narahatdır və bütün yollarla çalışır ki, onlara erməni lobbisinin dəstəyi qazanmağa mane olsun”.
Oleq Kuznetsov bildirib ki, Fransada elə əyalətlər var ki, ümumilikdə Fransa vətəndaşı olan ermənilər tərəfindən idarə olunurlar. Onun sözlərinə görə bir neçə əyaləti idarə edən ermənilərin nəzarətində hər regionda 2-3 milyon insan var.
“Həmin o ermənilər isə seçkilərin nəticələrinə birbaşa təsir edə bilirlər. Buradan da anlamaq olur ki, Makron təkcə Fransada yaşayan 1 milyon erməni üçün deyil, həmçinin bu ermənilərin nəzarət altında olan insanların səsi üçün də mübarizə aparır. Elə bu səbəblə də Fransa prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın köməkliyi ilə təcili olaraq, bu görüşü təşkil edərək özünə ermənilərin gözündə xal qazandı”.
Vüsalə Balayeva, Bizim.Media