Azərbaycanda siyasi birliklər zamanında və siyasi ideoloji əsaslar üzərində qurulmadığından da tez bir zamanda siyasi səhnədən gedirlər.
Bunu Moderator.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov deyib. Onun sözlərinə görə,bu gün siyasi partiyalar daha çox təkbaşına fəaliyyətə üstünlük veriblər və indiki məqamda hansısa siyasi birliklərin formalaşmasına üstünlük vermirlər, daha doğrusu, bunun üçün hələ ki, şəraitin yaranmadığını hesab edirlər:
“Siyasi birliklər əsasən ölkədəki parlament və ya prezident seçkiləri ərəfəsində formalaşır ki, Azərbaycanda növbəti parlament seçkiləri 2015-ci ilin payızında keçiriləcək. Ona görə də patiyalar hesab edirlər ki, hələ vaxt var. Amma normal cəmiyyətlərdə siyasi partiyalar seçki bitdikdən sonra növbəti seçkilərə hazırlaşır. Bizdə isə əksinədir. Seçkiyə az qalmış bir neçə siyasi partiya tələm-tələsik cəmiyyətin mövqeyini öyrənmədən, siyasi sifariş olub- olmamasını ölçüb biçmədən bir araya gələrək hansısa birlik yaratdığını elan edir. Nəticəsi də hər zamankı kimi acı sonluqla bitir. Birlik formalaşmamış ora toplaşan partiyalar bir- biri ilə didişməyə başlayır. Elə olur ki, bu birliklərin ömrü seçkiyədək davam etmir.”
Ə. Orucov onu da əlavə etdi ki, müxalifətin ikinci ən əsas problemi yaranan birliklərin siyasi ideoloji və proqram əsasında formamalaşmasıdır:
“Bir də görürsən ideoloji baxımdan bir-birinə zidd olan qüvvələr bir araya gələrək tələm- tələsik siyasi birlik yaratdığını elan edir. Heç siyasi birliyin yaranması ilə bağlı imzaladıqları sənədlərin mürəkkəbi qurumamış başlayırlar bir-birini top atəşinə tutmağa. Bunun bariz nümunəsini sonuncu prezident seçkiləri ərəfəsində yaranan Milli Şuranın timsalında göstərmək olar. Seçkiyə cəmi bir neçə ay qalmış bir-birinə zidd qüvvələr bir araya gələrək Milli Şuranın yaranmasını elan etdilər. Milli Şuranın proqramı, məramı, strukturu formalaşmamış oradakı qüvvələr başladılar olmayan “yorğan” üstündə davaya. Nəticəsi nə oldu? Buradakı qüvvələr heç seçkiyə bir yerdə gedə bilmədilər.”
AMİP yetkilisinin fikrincə, ictimaiyyətin mövqeyini öyrənmədən və ciddi müzakirələr aparmdan, yaranacaq siyasi birliyin hədəflərinin detalları bəlli olmadan, ideoloji zəmin əsasında formalaşmayan birliklərin ömrü uzun ola bilməz:
“Bu sonda ictimaiyyətin siyasi qüvvələrə olan inamını azaldır və cəmiyyəti dövlətin idarə olunması, hakimiyyətin formalaşması prosesindən könüllü surətdə kənarlaşdırır ki, bu da çox təhlükəli tendensiyadır.Cəmiyyətin dövlətin idarə olunmasından və hakimiyyətin formalaşmasından kənarda qalması çox pis nəticələrə gətirib çıxara bilər. Ona görə də siyasi birliklər vaxtında və sağlam ideoloji zəmin əsasında qurulmalıdır ki, o fəaliyyətinə son verəndə də cəmiyyətə zərərli vərdişləri aşılamasın. Tələm -tələsik birliklər formalaşdırmaqdansa, elə hər bir siyasi qüvvə təkbaşına fəaliyyətə üstünlük versə o daha effektli olar”, deyə Ə. Orucov vurğulayib.





























































































