“Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən stabilləşib, Qarabağ bölgəsində, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında isə ciddi insident baş verməyib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais” nəşrinin “Sərhəddə vəziyyət necədir? Ölümcül toqquşmalar bir ay əvvəl baş verib” sualını cavablandırarkən səsləndirib.
“Təəssüf ki, Ermənistan revanş cəhdlərini dayandırmadı. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün çox ağrılı oldu. 30 ilə yaxın müddətdə təbliğat apardıqları yenilməz bir ordudan, onun əsgər və komandirlərinin gücü və şücaətindən əsər-əlamət qalmadı, 44 günlük müharibə zamanı ordusu tamamilə məhv edildi”.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan tərəfindən xoş məram olsa, düşmənçiliyə son qoya bilərik” – İLHAM ƏLİYEV
“Brüsseldəki görüşünüzdən nə gözləyə bilərik?” sualına isə Azərbaycan lideri belə cavab verib:
“Bunu demək çətindir, çünki bu gün baş tutacaq görüşün nəticəsinin nə olacağını görməliyik. Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Müharibədə qalib gəlmişik və bu reallıq nəzərə alınmalıdır.
Dağlıq Qarabağ münaqişəsi həll olundu, onun statusu və ya buna bənzər heç bir müzakirəyə qayıtmayacağıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edildiyi gündən 27 ildən sonra birtərəfli qaydada hər şeyi özümüz həll etdik.
Ermənistan hazırda istənilən düşmənçilik hərəkətlərindən, ərazi iddialarından çəkinməlidir. Sülh razılaşması istiqamətində çalışmalı və 21-ci əsrdə normal davranışa riayət etməlidir.
Hər halda biz qonşuyuq və heç birimiz başqa planetə uçmayacağıq. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq.
Biz buna hazır olduğumuzu açıq şəkildə bəyan etmişik. Amma indiyədək heç bir müsbət siqnal olmayıb. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət, yumşaq desək, müharibədə uduzduqdan sonra yaşanan məyusluq onların cəmiyyətində bir növ psixoloji sarsıntı yaradıb”.
Bizim.Media