"Oktyabr ayında müdafiə naziri kimi Zakir Həsənovun fəaliyyətinin düz bir ili tamam olur. Yəqin ki, bu müddət tamam olduqdan sonra ölkənin ən böyük güc strukturunun rəhbəri kimi general-polkovnik Zakir Həsənovun fəaliyyətinə qiymət vermək olar. Sözsüz ki, ədalət naminə qeyd edilməlidir ki, bu günə kimi müsbət işlər görülüb, amma xeyli sayda problemlər də var.
Bu gün mən dostlarımla, həmkarlarımla Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hazırkı vəziyyəti haqqında bəzi fikirlərimlə bölüşmək istərdim. Belə başa düşmək olar ki, müdafiə nazirinə HDQ o qədər də önəmli bir qoşun növü kimi lazım deyil. Bunu mən yox, ortada olan real bir mənzərə sübut edir. Baxın, ötən ilin sonundan faktiki olaraq Azərbaycan HDQ real şəkildə komandanlıqsız fəaliyyət göstərir. Bu qoşun növünün 12 nəfər yüksək rütbəli şəxsi həbsə alınıb. Başda HDQ komandanı vitse-admiral Şahin Sultanov, onun birinci müavini, HDQ-nin Qərargah rəisi, bir müddət HDQ-i komandanı vəzifələrini icra etmiş birinci dərəcəli kapitan Yunus Məmmədov olmaqla neçə-neçə zabit müxtəlif ittihamlarla Respublika Hərbi Prokurorluğu tərəfindən verilən təqdimatlar əsasında Bakı Hərbi Məhkəməsi tərəfindən həbsə alınıblar.
İndi bu həbslər, onların səbəb və nəticələri haqqında geniş danışmaq istəməzdim, cünki hələ istintaq yekunlaşmayıb. Amma görünən budur ki, müdafiə naziri və onun ətrafı bizim strateji qoşun növümüz olan HDQ ilə bağlı konkret addım atmağa tələsmir və onlar deyəsən ya eyforiyaya uğrayıblar, ya da dənizdən ölkəmizə ola biləcək real təhlükələrin fərqində deyillər.Ola bilsin ki, mənim bu sözlərimi oxuyan bəzi zakirsevərlər yenə başlayacaqlar ki, guya mənim hansısa qərəzim, kinim-kudrətim var, həmən boşboğazlara və daltoniklərə (uzağı görə bilməyənlərə) əvvəlcədən demək istəyirəm ki, bu əsla belə deyil. Bizi təkcə quru sərhədlərimizdən deyil, eyni zamanda dənizdən, özü də 3 tərəfdən - Rusiya, Qazaxstan və İran HDQ tərəfindən REAL və özü də çox ciddi nəticələr, fəsadlar verə biləcək böyük təhlükələr gözləyir. Burada o narahatlıq gətirə biləcək amilləri sadalamaq istəmirəm, onlar haqqında dəfələrlə həm mətbuatda, həm də gündəlik baş verən hadisələrdə biz çoxlu müzakirələr etmişik. Bunlardan əlavə, mən istəməzdim ki, Azərbaycana ciddi təhdid ola biləcək bəzi məqamlara burda diqqət yönəldəm və bizi istəməyən qüvvələr bu amillərdən özləri üçün yararlansınlar.
Bütün bunların fonunda ortaya sual çıxır: bəs nədən müdafiə naziri, o cümlədən ölkə başçısının təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində oturub faktiki heç bir əməli iş görməyən Vahid Əliyev və onun kabinetlərdə bəslənən bəzi fərari generalları HDQ ilə bağlı artıq neçə aylardır Ali Baş Komandana lazımı təkliflər vermirlər? Elə onların işləri yalnız orden-medal alamaqdan, haqları çatmadığı halda yüksək rütbələri çiyinlərində gəzdirməkdənmi ibarətdir?
Dünya hərb praktikasında belə bir qayda mövcuddur ki, strateji postlara əvvəl namizədlər seçilir, sonra isə hansısa əvəzləmələrə başlanılır. Bizdə isə, ölkə başçısının ətrafında olan çoxsaylı generallar tam tərsinə iş görürlər. Onlar dövlətçilik baxımından deyil, öz şəxsi dost-tanış, qohum-əqraba prinsipindən çıxış edərək kimisə vəzifəyə təyin edirlər, kimisə vəzifədən çıxarırlar. Necə deyərlər, gəlib çıxdıq əsas məsələyə. Vitse-admiral Şahin Sultanovun həbsi mənə yaxın illərin bir acınacaqlı hadisəsini xatırlatdı. Qısaca yazıram ki, vaxtınızı çox almayım. Bir vaxtlar indiki Hərbi Prokuror Xanlar Vəliyev o vaxtlar Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarı olmuş polkovnik Rəşid Həsənovdan bir şəxsi xahiş etmişdi. Lakin, hərbi komissar gələcək Respublika Hərbi Prokurorundan bu işin həlli üçün külli miqdarda bəxşiş tələb etdiyinə görə, Xanlar Vəliyev vəzifə başına gələn kimi, hərbi komissarı cəzalandırmaq qərarını açıqlayır. Və polkovnik Rəşid Həsənov o vaxt artıq MN-nin Mənzil-İstismar İdarəsinin 1 saylı Evlər İdarəsinin rəisi vəzifəsində çalışırdı. Çox qısa bir vaxtda R.Həsənov haqqında lazım olan qərar verildi və o həbsə məruz qaldı. İndi artıq neçə illərdir ki, adı çəkilən zabit onun taleyinin sındırılmasına, yeganə oğlunun faciəli şəkildə həlak olmasına dözməyərək haqq dünyasına qovuşub. Allah rəhmət eləsin.
İndi həbsə atılan vitse-admiral Şahin Sultanov da demək olar ki, eyni aqibəti yaşayır. General Zakir Həsənovun bir vaxtlar HDQ-nin komandanından şəxsi xahişinin yerinə yetirirlməməsi, bu qoşun birləşməsinin hərtərəfli yoxlanılması və digər çatışmazlıqların ortaya çıxması ilə nəticələndi. Admiralın vəkilinin yaxın vaxtlarda açıqlamağa hazırlaşdığı bəzi məqamlar da, məhz mənim yazdıqlarımın geniş açıqlaması olacaqdır. Xatırladım ki, bu günlərdə həbsdə olan vitse-admiralın vəkili Adəm Məmmədov Respublika Hərbi Prokuroru və müdafiə nazirinə ünvanlanan bir mesaji səsləndirmişdi ki, Xanlar Vəliyevlə Zakir Həsənovun Şahin Sultanovun həbsə alınmasında hansı rolu və maraqları olub. Bunları da mən sadəcə HDQ kimi ölkənin ən böyük qoşun növlərindən birinin nəyə görə bu günə kimi başsız qalmasına diqqəti yönəltmək üçün qeyd etdim.
Bu gün MN sistemində bir sıra zabitlərə qarşı xüsusi bir qisasçılıq yolu ilə həm mənəvi, həm də fiziki terror həyata keçirilir. Onların yeganə "suçu" ondan ibarətdir ki, bu şəxslər sabiq nazir Səfər Əbiyevin dönəmində yuxarı vəzifələrdə olublar. Belə yanaşma kökündən yanlış və zərərlidir. 2 misal göstərəcəyəm. Bir vaxtlar MN Hərbi Polis İdarəsinin rəisi vəzifəsində xidmət keçmiş zabiti 8 ay müddətində Şəmkir Hərbi Birləşməsində daha hansı yolverilməz təhqirlərə məruz qoymayıblar. Polkovnik-leytenant rütbəsində olan zabiti əvvəl Tovuz-Qazax istiqamətində aşağı vəzifəyə, daha sonra isə ürəkləri soyumayıb, indi də Murovdağda səhv etmirəmsə bölük komandiri vəzifəsinə kimi "şərəfləndiriblər". Yaxud, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımova qarşı atılan addım da başadüşülən deyil. Bir başqa misalla bu söhbəti yekunlaşdırmaq istəyirəm. Necə ola bilər ki, HDQ-də Qərargah rəisi 1-ci dərəcəli kapitan Y.Məmmədov həbsə atılır, onun müavininə isə nazir Zakir Həsənov tərəfindən yüksək rütbə verilir? HDQ-də neqativ əməlləri ilə ad çıxartmış, mənim də şəxsən tanıdığım "dollar" Teymur Əsgərov kimi bir kabinet zabitinə hansı xidmətlərinə görə 1-ci dərəcəli kapitan rütbəsi verilir? Necə ola blir ki, qoşunların rəisi və müavini həbsə atılır, cavabdeh zabitlərdən kimsə daha yüksək diqqətə laqyiq görülür? MN sistemində adı dillər əzbəri olmuş polkovnik Elxan Məcidovla bərabər daha hansı faktlar olmalıdır ki, nazir bunları görsün və tədbir görsün. Belə başa düşülür ki, Zakir Həsənovun özü belə bir çox məsələlərdə acizdir. Ona təqdim edilən sənədlərdə məhz onun imzası ilə təyinatlar və digər işlər həyata keçirilir.
Sonda bir daha onu diqqətinizə çatdırmaq istərdim ki, HDQ Azərbaycan dövləti üçün həm keçmiş SSRİ, həm də müstəqilliyimiz zamanında son dərəcə əhəmiyyətli bir qoşun növü olub. Ona belə barmaqarası yanaşma isə, qətiyyən yolverilməz və bağışlanmazdır. İnanmaq istərdim ki, MN-nin rəhbərliyi bu vacib məsələ haqqında dərindən düşünüb, tezliklə düzgün qərar qəbul edəcəklər.






























































































