Fətəli Xan Xoyskinin Baş nazir postundan istefa səbəbi BƏLLİ OLDU – AXC PƏRDƏARXASI 

Fətəli Xan Xoyskinin Baş nazir postundan istefa səbəbi BƏLLİ OLDU – AXC PƏRDƏARXASI 

Hazırda oxunan: Fətəli Xan Xoyskinin Baş nazir postundan istefa səbəbi BƏLLİ OLDU – AXC PƏRDƏARXASI 

49437

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Fətəli Xan Xoyskinin təşəbbüsü ilə formalaşdırılıb. O, Azərbaycanda ali təhsil ocaqlarının yaranmasının, gələcəyə savadlı gənclərin yetişdirilməsini vacib bilirdi. Təsadüfi deyil ki, məhz Xoyski, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs göstərənlərdən biri olub.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanda Baş nazir idarə formasının əsasını qoyan, AXC-nin ilk Baş naziri kimi tarixə düşən, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindən olan Fətəli xan Xoyskinin doğum günüdür.

Soy-kökü

Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur xoyskilər nəslindəndir. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub. 

Təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirib. 

1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. 

Fevral və oktyabr inqilablarında Xoyski

Xoyskinin fəal siyasi fəaliyyətə başlaması isə 1917-ci ildə Rusiyada baş verən fevral inqilabına təsadüf edir. Fətəli xanın fəaliyyətinin ən məşhur dövrləri də məhz çarizm üsul-idarəsi devrildiyi ərəfələr hesab olunur. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.

Oktyabr inqilabının qələbəsindən sonra - 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb.

Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub. 

Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürüblər. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi.

Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra etməyə başladı.

Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib:

"Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan edib, Azərbaycan Respublikasını yaradıb. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir”.

1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.

1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar.

Fətəli Xan Xoyski 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.

1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra - 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Bakı şəhərinin küçələrindən biri Fətəli xan Xoyskinin adını daşıyır. 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb. Dəfn olduğu yerdə, yəni Tbilisi Nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb. Şəkidə əvvəllər Karl Marksın adını daşımış küçənin adı "Fətəli xan Xoyski"yə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO