“Türk Dövlətləri Birliyinin yaranması və bütün regionda gücün təmzimlənməsi göstərir ki, Türk dünyası yüksəlişə doğru gedir. Azərbaycan hər zaman şərqi Türküstanla, qərbi Türküstan arasında körpü rolunu oynayıb. Ona görə bütün proseslər Azərbaycanın xeyrinə inkişaf edir”.
Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının simalarından biri Nemət Pənahlı bildirib.
Onun sözlərinə görə Qərb imperialist qüvvələri qəsdən iki hegemon dövlət olan Rusiya və Türkiyənin əlaqələrini korlayıblar.
“Mən bir neçə dəfə bu fikirləri səsləndirmişəm ki, hər zaman Türkiyə və Rusiya dövlətlərini bir-biri ilə vuruşdurublar. Bu Rusiya və Türkiyəni zəif salaraq bütün təşəbbüsü əlinə alıb dünyanın aparıcı gücünə çevirilən Qərb imperialist qüvvələrinin planı olub.
MÖVZU İLƏ BAĞLI:
Nemət Pənahlı: “İlham Əliyev hakimiyyətdəki satqınları uzaqlaşdırdı”
Hazırda Rusiya ilə Türkiyənin əməkdaşlığı ümumi Türk dünyasının xeyrinədir. Çünki bu gün Rusiya ilə düşmənçilik mövqeyində dayanaraq Turanı qurmaq mümkün deyil. Unutmaq olmaz ki, Türk dünyasının böyük hissəsi Rusiyanın təsir dairəsi, bir hissəsi isə Çinin tərkibindədir”.
Nemət Pənahlı həmçinin hazırda Türkiyə lideri Rəcəp Tayyib Ərdoğanın yürütdüyü siyasi kursundan, onun atdığı diplomatik addımlardan da danışıb.
“Hazırda Türkiyə lideri çox böyük müdrik siyasət aparır, Rusiya ilə əməkdaşlığı bunun bariz nümunəsidir. Rusiya ilə Türkiyənin əməkdaşlığı Türk Birliyinin qurulmasına xidmət etdi. Siyasətdə belə bir deyim var ki, dövlətlər arasında daimi dost və düşmən yoxdur, daimi maraqlar var. Bu gün Rusiyanın marağı Türkiyə ilə üst-üstə düşür”.
Siyasətçi, 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın sərgilədiyi mövqeyindən də danışıb.
“1929-cu ilə qədər Zəngəzur Azərbaycanın tərkibində olub. O zamanlar SSR-i türk dünyasının bir-birindən əlaqələrini kəsmək üçün Zəngəzur və Göyçəni ermənilərə hədiyyə etdilər. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya ilə əlaqələrini kəsdilər. Müasir Rusiya dövləti isə Qarabağ müharibəsi zamanı neytral mövqe nümayiş etdirdi, regionda sülh təminatçısı kimi qaldı”.
Sonda partiya sədri açılacaq Zəngəzür dəhlizindən də söz salıb. O, bildirib ki, Qarabağ müharibəsi başlanan gündən Zəngəzur dəhlizinin açılacağını proqnozlaşdırıb:
“Mən birmənalı şəkildə deyirəm ki, istər sülh yolu, istər danışıq yolu, istərsə də hərb yolu ilə Zəngəzur dəhlizi sonunda açılacaq. Buna heç kimin zərrə qədər şübhəsi olmamalıdır”.
Vüsalə Balayeva, Bizim.Media