Noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının iştirakı ilə üçtərəfli danışıqların növbəti mərhələsinin təşkil olunması gözlənilir. Xüsusilə də, Ermənistan və Rusiya mətbuatında məsələ ilə bağlı müxtəlif proqnozlar mütəmadi olaraq tirajlanmaqdadır.
Bundan əlavə İrəvan və Moskvanın siyasi kluarlarında, yeni “üçtərəfli sənəd”in imzalanması məsələsi ciddi şəkildə müzakirə mövzusuna çevirilib.
Bu isə, Azərbaycanın danışıqlarda hər hansı güzəştə getməsi ilə bağlı fikirlərin də gündəmə gəlməsi ilə nəticələnib.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev ilk öncə danışıqlarda müzakirə predmeti ola biləcək məsələlərə diqqət çəkib:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan artıq şirin quyruğunu kəsib” – Cümşüd Nuriyevdən İranla bağlı ŞOK FAKTLAR
“Əslində, Rusiyadan Azərbaycan və Ermənistan arasında balans yaratmaqdan başqa bir şey gözləmək o qədər də düzgün deyil. Üçtərəfli sənədə gəlincə isə, burada öz əksini tapa biləcək ilk məsələ sərhədlərin delimitasiyası və demarkasiyası, ikincisi isə Zəngəzur dəhlizinin açılmasıdır.
Azərbaycanla Naxçıvanı birləşdirəcək koridorla bağlı əsas müzakirəyə çıxarılacaq məsələlər, işlərin hansı formada aparılacağı, layihələrin reallaşdırılmasının kimin tərəfindən maliyyələşdiriləcəyi və tərəflərin layihəyə nə qədər vəsait ayıracağı ilə bağlıdır. Bütün bunlar yəqin ki, iddia olunan sənəddə öz əksini tapacaq”.
“Məsələnin narahatlıq doğuran tərəfi Rusiyanın “yenilik” adı ilə çıxış etdiyi situasiyalarda Azərbaycanın bu və ya digər mövzuda güzəştə getməsi probleminin gündəmə gəlməsidir”.
Cümşüd Nuriyev Azərbaycandan iki məsələdə güzəştə getməsinin müzakirə oluna biləcəyini qeyd edib:
1. Sərhədlərin müəyyənləşdirilməsində 1920-ci ilin xəritəsindən istifadə olunmaması
2. Rusiya hərbi kontingentinin 5 ildən daha artıq müddətdə bölgədə qalması
Politoloq sözgedən məsələləri də ayrı-ayrılıqda təhlil edib:
“Yəqin ki, Azərbaycanın 1920-ci ilin xəritəsi ilə yox, sonrakı illərin xəritələri ilə sərhədlər müəyyənləşdiriləcək. Çünki 20-ci ilin xəritəsi Ermənistanın çox böyük ərazilər itirməsi deməkdir. Azərbaycanın yalnız bu məsəldə güzəştə getməsi tələb oluna bilər”.
Sülhməramlıların məsələsinə gəlincə...
“Əgər görüş zamanı, Azərbaycan ərazisində Rusiya sülhməramlılarının qalması müddəti ilə bağlı (Rusiya mətbuatı Qarabağdakı hərbi kontingentin 2030-cu ilə qədər bölgədə qalacağı ilə bağlı xəbərlər tirajlamaqdadır) hər hansı məsələdə rəsmi Bakının kompromisə getməsi təklifi irəli sürülərsə, bu ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına ciddi xətər gətirə bilər. Yəni, bir ölkənin ərazisində digərinin vətəndaşları, 3-cü bir ölkənin vətəndaşlarını qorumaq adı ilə qalırsa, deməli bu Ermənistan tərəfinin Azərbaycan ərazilərini tanımaması anlamına gəlir. Hələliksə, belə bir qərar çıxarmaq tezdir”.
Cümşüd Nuriyevin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi xüsusi olaraq diqqətdə saxlanılmalıdır:
“Üçtərəfli bəyanatlar hələlik saziş deyil. Doğrudur, 10 noyabr və 11 yanvar tarixlərində bu cür bəyanatlar imzalanıb. Lakin sözgedən bəyanatların tam şəkildə icra olunmadığı da göz önündədir. İndi isə, 1 ildən sonra, imzalanması haqqında söhbətlər gəzən yeni üçtərəfli bəyanat əvvəlkilər səviyyəsində icra olunacaqsa, bu Azərbaycanın həm Ermənistana, həm də Rusiyaya etibarının azalmasına gətirib çıxaracaq”.
Politoloq Rusiya sülhməramlılarının Qarabağda olmasını Azərbaycan üçün danışıqlar masasında önəmli “kozır” kimi dəyərləndirib:
“Azərbaycan birmənalı şəkildə Rusiya qoşunlarının “sülhməramlı” adı ilə bölgədə qalmasına etiraz edə bilər. Bu nüans Azərbaycanın əlində “kozır”dır və rəsmi Bakı bundan yararlanmalıdır. Çünki Azərbaycan üçün bu fakt siyasi üstünlük yaradır”.
Cümşüd Nuriyev Moskvanın öz məqsədinə çatmaq üçün hansı variantlardan istifadə edə biləcəyi haqqında önəmli nüansları qeyd etməklə fikirlərini yekunlaşdırıb:
“Azərbaycan Prezidenti danışıqlarda peşəkardır və onu ölkəmizin maraqlarına zidd danışıq predmetləri ilə aldatmaq mümkün deyil. Və mən inanmıram ki, hazırkı durumda, içi Rusiya qarışıq, hər hansı bir ölkə bu cür manevr etməyə cəhd etsin”.
Murad Əhmədov, Bizim.Media