Milli molla SÖHBƏTİ: “Etibar Məmmədov fikrini düzgün ifadə etməyib”

Milli molla SÖHBƏTİ: “Etibar Məmmədov fikrini düzgün ifadə etməyib”

Hazırda oxunan: Milli molla SÖHBƏTİ: “Etibar Məmmədov fikrini düzgün ifadə etməyib”

41712

Xəbər verdiyimiz kimi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov canlı yayımlarının birində  Azərbaycanda milli mollaların yetirişdirilməsini vacib sayıb. İranın Azərbaycandakı casus şəbəkəsinin zərərsizləşdirilməsini dönə-dönə vurğulayan partiya lideri indiyədək bu ölkənin özünü Azərbaycanda çox rahat hiss etdiyini də dilə gətirib. O, hətta qonşu ölkənin din pərdəsi altında özünə Azərbaycanda tərəfdar yığdığını, indi isə onları neytrallaşdırmağın vaxtı çatdığını bildirib. 

“Azərbaycana milli mollalar lazımdır. İndiyə qədər irançı, sünniçi və sələfi mollalar var idi. Hərəsi ayrı-ayrı mərkəzlərin xidmətindəydi. İndi Azərbaycan dövlətinə bağlı, milli mollalarımızın yetişdirilməsinə və dini sahədə onların aparıcı rol oynamasına nail olmağa tələb var”.

Siyasətçinin dediyi kimi milli molla necə olmalıdır? Ümumiyyətlə, Azərbaycanın məscid imamları, axund və mollarının təyinatı hansı kriteriyalara görə aparılır?

Bizim.Media-ya açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov deyib ki, Etibar Məmmədov fikrini düzgün ifadə etməsə də, ümumən problemə doğru yöndən toxunub:
 

MÖVZU İLƏ BAĞLI:

İran xarici işlər naziri tutuquşu kimi dediklərini təkrarlayır: “İsrailin bu bölgədə...”


“Etibar Məmmədov dini durumun və bu sahənin mütəxəssisi olmadığı üçün "milli molla" deməklə, sadəcə fikrini düzgün ifadə edə bilməyib. Amma bütün dövlətlərdə din xadimlərinin bağlılıq və sədaqət ruhunda tərbiyə olduğunu, Azərbaycandakı dindarların da ölkə problemlərinə milli ruhdan yanaşa bilməsini doğru ifadə edib. Elə də olmalıdı. İslam dinində ümmətçilik prinsipi var ki, din xadimləri bütün müsəlman xalqların, toplumların həmrəyliyi üçün çalışmalıdır. Bu, o vaxt düzgündür ki, başqa ölkələrdən də eyni münasibəti görək. Sadəcə dinin və din xadiminin eyni münasibəti bəsləməyən ölkəyə yarınmaq kimi bir öhdəliyi yoxdur. Din xadimi ilk növbədə öz xalqının maraqları baxımından çıxış etməlidir”.

O ki, qaldı Azərbaycanda hazırda din xadimlərinin seçiminə, Elçin Əsgərov həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), həm də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) dini icmalarla işində bu prinsipə fikir verməyə çalışdıqlarını bildirib:

“Çoxsaylı konfrans, iclas və tədbirlərlə din xadimlərində həmin milli ruhu yetişdirməyə çalışırlar. İllərdir ki, bu fəaliyyət var. Amma problem hələ də tam həll olmayıb və bir müddət bu qalmaqda davam edəcək. Bir sıra obyektiv və subyektiv səbəblər var. Ən mühümü isə dini təhsil məsələsidi. Azərbaycanda xarici ölkələrdəki dini təhsil mərkəzləri ilə rəqabət aparacaq dini təhsil mərkəzləri olmayıb. Ona görə din xadimlərimizin bir çoxu xaricdə təhsil almalı olub. Problemin həllinin əsas yolu, ölkədə həm akademik, həm də mədrəsə tipli dini təhsilin keyfiyyət və kəmiyyətinin artırılmasıdır”.

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, İslamda mollalıq deyilən bir şey yoxdur:

“Milli molla nə deməkdir? İlk növbədə din məsələsində biz insanları düzgün maarifləndirməliyik ki, intellektli səviyyədə dərk etsinlər. İnsanlar özləri də “Qurani-Kərim”i açıb istədikləri şəkildə oxuyub başa düşməlidirlər. Dinin istədiyi budur. Yoxsa hər hansı bir şəxslərin monopoliyasına verilən qurum deyil. Din yaşayış formasıdır. Amma insanları İrandan qoparmaq, bu məsələlərdə düzgün addım atmaq, onlara oradakı dini lider deyilən anlayışı təqlid və özlərinə rəhbər qəbul etməməsi ilə bağlıdırsa, Azərbaycanda da dini sahə düzgün və şəffaf olmalıdır”.

İlahiyyatçının sözlərinə görə məscidlərə imam təyini, insanların din məsələsini rahatlıqla müzakirə etməsi, dini kitab və əşyalarla bağlı qoyulan məhdudiyyətlər, onların yoxlanması kimi qadağalar aradan qaldırılmalıdır:

“Sadəcə insanlarla dinlə bağlı düzgün təbliğat işləri aparılmalıdır. Bunun əsasında da problem öz həllini tapa bilər. Yoxsa milli molla, xarici molla, idxal molla, ixrac molla...Bunlar doğru yanaşma deyil”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO