Sentyabrın 15-də “Brussels Report” saytında Avropa İttifaqının fəaliyyətini tənqid edən məqalə yayımlanıb. “Brussels Report” Avropa İttifaqının fəaliyyəti və siyasəti ilə bağlı təhlil və xəbərləri özündə əks etdirən veb saytdır. Saytın baş redaktoru Piter Kleppin müəllifliyində yayımlanan məqalə Avropa İttifaqının Cənubi Qafqazdakı “çek” diplomatiyasının uğursuzluğuna həsr olunub.
Müəllifin sözlərinə görə, Avropa İttifaqının bu vaxta qədər xarici siyasətdə istifadə etdiyi əsas metodika müxtəlif dövlətlərə maddi yardımların həyata keçirilməsindən ibarətdir. Lakin bu heç də bütün problemləri həll etməyib, əksinə yeni problemlər yaradıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın PLANLARI – Qərbi Azərbaycana fokuslamaq üçün hansı oyun qurulub?
Müəllifin fikrincə, Avropa İttifaqının təsir gücünə sahib ola biləcəyi əsas bölgə Cənubi Qafqazdır.
Lakin Avropa İttifaqı bu günədək Cənubi Qafqazla bağlı həyata keçirdiyi planlarında uğursuzluğa düçar olub. İyul ayında Avropa Şurasının sədri Şarl Mişelin Azərbaycana səfərini və iki ölkə arasında vasitəçilik təklifini xatırladan müəllif, sonrakı maliyyə strategiyasının vəziyyəti daha da pisləşdirdiyini qeyd edir.
Belə ki, Avropa Komissiyası Ermənistana beş il ərzində 2,6 milyard avro yardım paketi təklif edib. Ermənistanla müqayisədə Azərbaycanın alacağı məbləğ isə cəmi 140 milyon idi. Müəllif Avropa İttifaqının bu addımı ilə regionda dürüst vasitəçi kimi fəaliyyət göstərmək niyyətinin artıq şübhə altına düşdüyünü qeyd edir.
Ermənistana ayrılan 2,6 milyard avronun 600 milyonunun yeni nəqliyyat infrastrukturunun yaradılmasına xərclənəcəyi nəzərdə tutulur.
Lakin müəllif bu vəsaiti Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün istifadə etməyi daha məqsədəuyğun hesab edir. Çünki iki ölkə arasında imzalanmış sülh sazişi onsuz da sərhədlərin açılmasını və nəqliyyat infrasturkturunun yenidən bərpa olunmasını şərtləndirir.
Bu səbəblə də Ermənistana xüsusi olaraq maliyyə vəsatinin ayrılmasına ehtiyac yox idi.
Sülh razılaşmasına əsasən, Azərbaycan Ermənistan sərhədinə və Naxcıvana dəmir yolu çəkməyi, Türkiyəyə yük daşımağı və Sovet dövründən qalmış dəmir yollarının bərpasını planlaşdırır. Bu Ermənistan üçün də faydalıdır və bu addım Ermənistana həm İran, həm də Azərbaycanla ticarət üçün sərhədlərini açmağa imkan verəcək.
Bu Avropa İttifaqı üçün də Şərqi Asiya ilə ticarət əlaqələrini daha da genişləndirmək üçün yeni fürsətlər yaradacaq.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan iki qonşu ölkədir və xüsusilə Ermənistan regionda qonşularından asılıdır.
Əgər Avropa İttifaqı pul xərcləmək istəyirsə, Ermənistanı dirçəltmək əvəzinə, bəlkə də, region ölkələri arasında qarşılıqlı asılılığı gücləndirməyə və münaqişə ehtimalını azaltmağa çalışmalıdır.
Araz Əliyev, Bizim.Media