Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası keçiriləcək. İclasda partiyanın rayon və şəhər təşkilatı sədrlərindən bir neçə nəfərin vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Partiyanın son qurultayında qəbul olunmuş daxili nizamnaməyə əsasən partiyanın rayon və şəhər təşkilatı sədrlərinin parallel olaraq başqa səlahiyyətli vəzifə daşıması qadağan edilib.
Qadağanın xüsusilə Milli Məclisdə təmsil olunan təşkilat sədrlərinə şamil edilməsi gözlənilir. Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının rayon və təşkilat sədrlərin bir çoxu eyni zamanda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərir.
MÖVZU İLƏ BAĞLI:
YAP-da bu anlarda nə baş verir? - İdarə heyətinin üzvü DANIŞDI
Bu gün baş tutacaq iclasda Milli Məclisdə təmsil olunan bəzi rayon və şəhər təşkilatı sədrlərinin deputatlıq mandatı saxlanılmaqla partiyanın təşkilat sədrliyindən kənarlaşdırılacaqları gözlənilir.
Belə ki, partiyanın Gəncə şəhəri (Naqif Həmzəyev), Ağdaş (Cavid Osmanov), Səbail (Şəmsəddin Hacıyev) rayon təşkilatlarının sədrləri vəzifədən uzaqlaşdırılacağı, Nəsimi (Məlahət İbrahimqızı) və Qaradağ (Aydın Hüseynov) rayon təşkilatlarının sabiq sədrlərinin isə namizədliklərinin irəli sürülməyəcəyi bildirilir.
Ekspertlərin fikrincə, bu addım YAP-ın yenilənməsi və hakim partiyanın rebrendinqi ilə bağlıdır. Təşkilat sədrliyindən uzaqlaşdırılması ehtimal olunan şəxslərin bir çoxu fəaliyyətləri ilə yadda qalmayan şəxslərdir.
Bizim.Media