Ərdoğan Moskva yolunu tutdu – Azərbaycan üçün yeni dönəm

Ərdoğan Moskva yolunu tutdu – Azərbaycan üçün yeni dönəm

Hazırda oxunan: Ərdoğan Moskva yolunu tutdu – Azərbaycan üçün yeni dönəm

34853

Son həftələrdə dünya miqyasında geniş müzakirə mövzularından birinə çevrilən Türkiyənin “S 400” raketlərinin ikinci partiyasının Rusiyadan idxalı ilə bağlı ölkə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən önəmli açıqlama verilib.

Bizim.Media “haberglobal”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinaya səfəri sırasında keçirilən mətbuat konfransı zamanı sözügedən məsələyə toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Ermənistanla əlaqələrinin normallaşması üçün şərtini AÇIQLADI 


Belə ki, Ərdoğan “S 400”- lərin alınması məsələsində ölkəsinin heç bir tərəddüdünün olmadığını qeyd edib.

Türkiyə və Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı haqqında danışan Ərdoğan, Putinlə keçirdiyi son telefon danışığında sözügedən istiqamətdə mühüm irəliləmələrin əldə olunduğunu da açıqlayıb.

Qeyd edək ki, uzun müddətdir Rusiya mətbuatında da “S 400” HHM-lərinin Türkiyəyə ixracı məsələsində oxşar fikirlər dolaşmaqdadır. Belə olan halda isə, “S 400” raketlərinin ikinci partiyasının Türkiyəyə gətirilməsi ilə bağlı yaxın zamanda razılaşmanın əldə olunacağını söyləmək olar. 

Türkiyə üzünü şimala çevirir...

Ümumiyyətlə, son illərdə rəsmi Ankaranın xarici siyasətində qərbdənqaçma trayektoriyası cızdığı nəzərə çarpmaqdadır. Belə ki, Türkiyə NATO-ya üzv olmasına rəğmən, təşkilatın əsas rəqibi olan Rusiya ilə əməkdaşlığı günbəgün inkişaf etdirməyə davam edir. Bu isə, NATO tərəfindən heç də xoş qarşılanmayıb və xüsusilə də, “S 400” raketləri məsələsində Türkiyəyə ciddi xəbərdarlıqlar edilib.

Lakin görünən qədərilə, Qərbin bu cəhdləri öz nəticəsini verməyib və rəsmi Ankara Rusiya ilə hərbi əməkdaşlığın qurulmasında qərarlıdır. Bu isə onu deməyə əsas verir ki, Türkiyə və Qərb arasında münasibətlər getdikcə daha da soyuyacaq.


Nəticəni isə əvvəlcədən təsəvvür etmək olar; Türkiyə Qərbin iddia etdiyi kimi sanksiyalarla üzləşəcək. Xatırladaq ki, daha əvvəl də, yəni “S 400” HHM- lərin birinci partiyasının alışı zamanı da Türkiyə Qərbin bəzi sanksiyaları ilə üzləşmişdi. Nəzərə alsaq ki, Türkiyə ilk partiyanın gətirilməsindən sonra HHM-ləri aktivləşdirməməsinə baxmayaraq sanksiyalara məruz qalıb, deməli Qərb bu dəfə daha ciddi təzyiqlərlə rəsmi Ankaranın üzərinə gedəcək. Təbii ki, belə olan halda Türkiyə-Rusiya yaxınlaşması qaçılmaz olacaq.

Cənubi Qafqaz üçün yeni dönəm

Ankara-Moskva yaxınlaşmasının isə regiona, xüsusilə də, Cənubi Qafqaza təsirsiz ötüşməsi mümkün görünmür. İlk növbədə isə Azərbaycan və Ermənistan arasında post-müharibə dönəmində davam edən proseslərdə dəyişikliklərin baş verəcəyini söyləmək olar. Bu isə görünən qədərilə Azərbaycanın tələbləri çərçivəsində, əslində irəvan üçün də mühüm əhəmiyyət kəsb edən yeniliklərin gerçəkləşəcəyinin təzahürüdür. Belə olan halda isə, yaxın dönəm üçün regionda bir sıra vacib hadisələrin cərəyan edəcəyini proqnozlaşdırmaq olar.

Qarabağda sülhün təmin olunmasında Türkiyənin rolu artacaq.

Onsuzda son həftələrdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbçilərinin birmənalı olmayan addımları ciddi tənqid hədəfinə çevrilib. Buna müvafiq olaraq da, Azərbaycanda Türkiyə hərbçilərinin bölgədə sülhməramlı fəaliyyətlərinin genişləndirilməsi çağırışları səslənməkdə idi. Moskva və Ankara ilə əməkdaşlığın inkişafı isə, Türkiyənin Qarabağda sülhməramlı fəaliyyətini genişlətməsinə şərait yarada bilər.

Kommunikasiya xətlərinin bərpası prosesi sürətlənəcək.

Təbii ki, həm Rusiyanın, həm də Türkiyənin maraqlı olduğu nəqliyyat əlaqələrinin qurulması istiqamətində mühüm irəliləyişlərin əldə olunacağını da proqnozlaşdırmaq olar. Bu çərçivədə Zəngəzur dəhlizi kimi mühüm logistik əhəmiyyətə malik olan proyektin reallığa çevrilməsi ehtimalları da xeyli artır.

Ermənistanın sülhdən qaçmaq istiqamətində alternativləri tamamilə tükənəcək.
 

Ermənistanın Rusiyanın protektorluğuna güvənərək, regionda sülhə təhdid yaradacaq addımlar atması qeyd olunan yaxınlaşma səbəbindən xeyli çətinləşəcək.


Çünki Kremli Türkiyə kimi regionun böyük gücü olan müttəfiqi ilə münasibətlərini korlamaq bahasına ermənilərin özbaşınalıqlarına səssiz qalmağı qəbul edəcəyi ehtimalı real görünmür.

Ümumilikdə isə, regionun iki əsas söz sahiblərindən olan Rusiya və Türkiyə arasında bu yaxınlaşmanın, xüsusilə də, Bakı və Ankara arasındakı qardaşlıq bağları nöqteyi-nəzərindən Azərbaycan üçün mühüm faydalar gətirəcəyini əvvəlcədən rahatlıqla söyləmək olar.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO