Nemət Pənahlı: “İlham Əliyev hakimiyyətdəki satqınları uzaqlaşdırdı”

Nemət Pənahlı: “İlham Əliyev hakimiyyətdəki satqınları uzaqlaşdırdı”

Hazırda oxunan: Nemət Pənahlı: “İlham Əliyev hakimiyyətdəki satqınları uzaqlaşdırdı”

3323

Əslində biz onunla 17 noyabr Dirçəliş Günü görüşməyi planlaşdırırdıq. Həmin vaxt görüşümüz baş tutmasa da, ötən şənbə Nemət Pənahlının evində qonaq olduq. Uşaqlığından bu günə çox məqamları dilə gətirdi. Hətta Koroğlu dastanını o qədər oxuyub ki, nöqtəsinə, vergülünə qədər əzbər bilir. Elə bilirmiş ki, Koroğlu gerçəkdən də Çənlibeldə yaşayır.

Ən böyük arzusu böyüyəndə Çənlibelə getmək, orada yaşamaq olub. Yeddinci sinifdə oxuyanda anlayıb ki, bu bir xalq dastanıdır. Uzun müddət barışa bilməyib bu gerçəklə, hətta intihar etmək istəyib.

O, Azərbaycan ədəbiyyatından, dünya klassiklərindən, fəlsəfədən danışdıqca təəccübümü gizlədə bilmirəm. Elə özünə də deyirəm ki, cəmi səkkiz sinif bitirən biri bu qədər mütaliəli ola bilərmi? Evlərində də ilk diqqətimi çəkən böyük kitabxana olur. Bu barədə sonra daha ətraflı yazacağam. Sadəcə onu qeyd edim ki, uzun illər Çənlibelin gerçək olmadığı ilə barışmayan, səkkizinçi sinifi bitirəndən sonra təkbaşına Bakıya gəlib aylarla vağzalda qalan, sonra Səttərxan zavodunda fəhlə kimi işə başlayan Nemət Pənahlı elə sovet dövründə “Çənlibel” təşkilatının əsas yaradıcılarından və fəallarından biri olur.

Oxucularımıza Nemət Pənahlı ilə söhbətimizin 44 günlük müharibə və şanlı Zəfərlə bağlı hissəsini təqdim edirik.

- Nemət bəy illər öncə Topxana meşəsi qırılanda heç kimin tanımadığı 26 yaşlı bir gənc meydana çıxdı. Sonra o meydana yüz minlərlə insan üz tutdu və milli azadlıq hərəkatımızın əsası qoyuldu. Bu gün Nemət Pənahlının da uğrunda mübarizə apardığı torpaqlarımız işğaldan azad oldu. 44 günlük müharibə və böyük qalibiyyət barədə fikirlərinizi bölüşməyiniz maraqlı olardı.

- Prezident Administrasiyasındakı işimdən istefa verəndən sonra peşman olmamışdım. Amma indi ilk dəfə etiraf edirəm ki, Heydər Əliyevə qulaq asmadığıma üçün peşimanam. Heydər Əliyev həmişə deyirdi ki, biz indi müharibə edə bilmərik. Hər şeyin öz vaxtı var. O vaxt yetişəndə biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Mən onda gənc və emosianal idim.Çox sayda dostlarım birinci Qarabağ müharibəsində şəhid olmuşdu. İndi o vaxta bu gündən baxanda özümü qınayıram.

Heydər Əliyev böyük, fövqəladə bir insan idi. Amma məni ən çox heyran edən onun səbri idi. Çingizxanın bir sözü var. “Öncədən uduzacağını bilərək döyüşə gedəcək sərkərdə qədər axmaq insan yoxdur”. Tam səmimi olaraq deyirəm ki, həyat mənə dözüb zamanı gözləməyin nə qədər doğru bir fikir olduğunu göstərdi.

Bu zaman kəsiyində bir tərəfdən də maraqlı qüvvələr şaiyə yayırdılar ki, ölkəni idarə edən “boz kardinal”dı. Təbii ki, belə yalanların yayılmasında, dövriyyəyə buraxılmasında Ramiz Mehdiyev maraqlı idi.

Mən o vaxtdan İlham Əliyevi prezident Heydər Əliyevin oğlu kimi tanıyırdım. Münasibətimiz, salamımız olsa da, o qədər yaxşı, belə demək mümkünsə, dərindən tanımırdım. Paşinyanlar, digərləri Qarabağda at oynadanda biz daha çox “lazım gəlsə” sözünü işlədirdik. Fikirləşirdim ki, adi vətəndaş olaraq mən həzm edə bilmirəmsə, prezident nəyi gözləyir.

Prezident İlham Əliyev isə böyük səbr nümayiş etdirdi, özünün də dediyi kimi “nəyi nə vaxt edəcəyini” hamıdan yaxşı bilirmiş. Demək ki, o da zamanını gözləyirmiş. Prezident Heydər Əliyevin məzarını ziyarət edərkən “xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim” dedi. Onda yenə özümü qınadım, demək ki, o vaxt mən də inanmalıydım, səbr edib, zamanı gözləməliydim. Dövlət ağılı bunu tələb edir.

Üç Oğlum və özüm könüllü olaraq Orduya yazıldıq

- Anladığım qədər Cənab Prezidentin bütün çıxışlarını izləyirsiniz?

- Prezidentin bütün çıxışlarını minnətdarlıqla izləyirəm. Paşinyana dediyi sözlər hamı kimi mənə də ləzzət edir. Müharibə başlayandan sonra mən Prezident İlham Əliyevi yenidən kəşf elədim. Atasına xas olan bütün xüsusiyyətlər İlham Əliyevdə də var, onun vəsiyyətini ləyaqətlə yerinə yetirdi. Bu illərdə hər şeyi yüksək peşəkarlıqla, uzaqgörənliklə planlayıb, böyük uğurla həyata keçirib. Dövləti daha da möhkəmləndirdi, güçlü ordu qurdu.

Yeganə təəssüf hissim və incikliyim odur ki, xalqı milli azadlıq hərəkatına mən çağırmışam, batalyonların yaradılmasında iştirak edən, torpaqlarımızın işğaldan azad olunmasının tək yolunun müharibə olduğunu deyən biri kimi əvvəldən söyləmişdim ki, dörd oğlumla birlikdə əlimə silah alıb son nəfəsimə qədər döyüşməyə, hakimiyyətə dəstək verməyə hazıram. 
Dörd dəfə rəsmi müraciət etmişəm. Oğullarımdan biri əsgərliyni başa vurub qayıdıb, ikisi ali məktəbdə oxuyur, bir isə orta məktəbdə təhsil alır. Üç oğlum müraciət edib, könüllü cəbhəyə getmək üçün yazıldılar.

Mən prezidentə müraciət etdim ki, bu gün hakimiyyətin, dövlətin, ordunun mənə ehtiyacı olmaya bilər, amma mənim ehtiyacım var, məni də müharibəyə aparın. Öz potensialımı bilirəm, ovçuyam, son damla qanıma qədər döyüşəcəkdim. Ancaq nə məni, nə də övadlarımı aparmadılar.

- Nemət bəy, yəqin sizə sıra gəlib çatmayıb. Çünki Azərbaycan oğulları, əsgərlərimiz müharibəyə toy-bayrama gedirmiş kimi gedirdilər.
 

- Nemət o qədər deyildi. Hakimiyyətimdən tək umduğum döyüşmək üçün mənə şərait yaratmaları idi, ən azından mənəvi dəstək vermək istəyirdim.

-Bəlkə də sizi də, oğlanlarınızı da aparacaqdılar, amma savaş bitdi.

Ömrümdə ilk dəfə ağladım

- Dövlətimiz, millətimiz 30 ildir gözlədiyimiz böyük qələbəni şərəflə qazandı. Hansı hissləri keçirdiniz?

- 20 yanvarda bütün Azərbaycan qan ağlayanda mən ağlamamışam. Azadlıq meydanında qəddimi düz tutdum, içimdə ağlasam da, düşmənlərimizi sevindirmək istəmədim. Atamın, anamın ölüm xəbəri gələndə mən türmədə idim, dəfnə getməyə icazə vermədilər, içimdə ağladım, kimsə məni gözü yaşlı görmədi. Ancaq müharibənin başlanmasını eşidəndə ağladım, bütün vücudum qan ağlayırdı, bunu sözlə ifadə edə bilmirəm. Hər kəndimiz, rayonumuz alınanda mən sevincimdən elə bilirəm havalanacam, dəli kimi oluram. Necə ki, dərddən havalanıb ağlayırlar, dəhşətli xəbər eşidib oynayırlar, mən o halı yaşadım. Əmin idim ki, müharibə başlanacaqsa, biz yüz faiz qalıb olacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.

- Cənab Prezidentə təbrik məktubu yazmaq keçir ürəyinizdən?

- Keçdi və indi də keçir, amma mən elə adi məktub yaza bilmərəm. Məktub yazmaq xatirinə məktub yazmaram. Hələ ki, yazacaqlarımı sözlərlə ifadə edə bilmirəm.

Əvvəl də demişəm ki, Prezident bu torpağı azad eləsin, qanımı da halal edirəm. Bundan sonra kim nə deyir desin, İham Əliyev bu böyük zəfərlə Azərbaycan tarixinə adını əbədi yazdı. İlham Əliyevi siyasətə Heydər Əliyev gətirdi, yəni onun oğlu kimi gəldi. Ancaq Heydər Əliyevi də tarixə İlham Əliyev əbədi möhürlədi. İndi hər ikisi qalibdir, onlara minnət duyuruq. Mən Ali Baş Komandana təşəkkür edirəm. İnsan dostluq da edəndə, düşmənlik də edəndə kişi kimi etməlidir. Yəni təbrik edəsən, amma Ali Baş Komandanın adını çəkməyəsən, bu qısqanclıq və xainlikdir. Döyüş əmrini kim verib, bu güçlü, qüdrətli ordunu kim qurub? Ordu bir günə, bir ilə qurulmur.

Mən qoşulmama hərəkatına, dəstək vermişəm, doğru mövqeyimi ortaya qoymuşam. Peyki kosmosa göndərəndə əhəmiyyətini bilirdim. Eyni zamanda müharibənin ildırım sürətilə olacağını, 3 aya başa çatacağını deyirdim. Mən deyirdim, amma prezident elədi. Arzularımı gerəkləşdirən, millətin xəyalını həqiqətə çevirən adama təşəkkür etməmək olar? Təbii ki, yox, hamımız ona minnətdarıq.

Ali Baş Komandandan hər şey asılıdır. O yerindədirsə, demək ki, qələbə var. Həlledici məsələ də birinci şəxsdən asılıdır. İndiyə qədər də Azərbaycana rəhbərlik edənlər olub. Heç kim belə bir zəfərə imza atmayıb. İlham Əliyev hakimiyyətdəki bütün satqınları, xainləri, korrupsionerləri uzaqlaşdırdı, tək başına çıxdı meydana.

Bütün Azərbaycan xalqı, vətəndaşları öz Prezidentinin yanındadır, onunla birlikdədir. Bir də millətin illərdi ki, gözlədiyi dövlət məmuru siması Hikmət Hacıyevin adını çəkmək istəyirəm. Prezident gənc bir adamı gətirdi və o da xalqın içindədir. Ramiz Mehdiyev və digərləri orda olsaydı öz adlarına çıxacaqdılar. Hər şey dəqiq hesablanmışdı.

Yenə də təkrar edirəm, Prezident özünün dediyi kimi “nəyi nə vaxt edəcəyini” yaxşı bilirdi. Həm də yaxşı bildiyini bütün dünyaya göstərdi.

Bir faktı da qeyd etmək istəyirəm, son iki ayda dünyanın çox sayda telekanalları Prezident İlham Əliyevdən müsahibələr aldılar. Onların əksəriyyəti jurnalist olmaqla bərabər həm də kəşfiyyatçı idilər. Amma hər birinə o qədər tutarlı, məntiqlə çavab verirdi ki, burada da dərs keçdi. Ali Baş Komandan, böyük Sərkərdə, dövlət xadimi, Prezident İlham Əliyev Azərbaycan xalqının dilində danışır, hər addımda öz xalqı ilə birlikdədir, onların arasındadır.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO