“İranın Cənubi Qafqazda xarici siyasət prioritetləri müəyyən dərəcədə sual doğurur. Çünki rəsmi Tehranın 30 il ərzində İrəvanla münasibətlərinin normal səviyyədə inkişaf etdirilməsi, Azərbaycanın işğal altında olan torpaqlarının dağıdılmasına susqun qalması, hətta müharibə dövründə İrandan müəyyən maşınlar vasitəsilə Ermənistana humanitar yardım, silah aparılması faktları da var. Amma eyni zamanda İran bizim qonşumuzdur. Böyük bir dövlətdir və orada milyonlarla soydaşlarımız yaşayır. Buna görə də, xarici siyasətimizdə bir sıra amilləri nəzərə alırıq.”
Bizim.Media ilə İranın siyasətindən danışan politoloq Fikrət Sadıxov yuxarıda sadaladıqlarından başqa qeyd etdi ki, Azərbaycan bəzi məqamları üzə çıxartmaqla İranla qonşuluq siyasətini normal səviyyədə saxlamağa çalışır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistana sərmayə qoyan İran şirkətləri – İçərisində azərbaycanlılar da var - SİYAHI
Amma İranın daxilində müxtəlif qüvvələr də var:
“Hər halda İranın daxili işlərinə girişmirik, müdaxilə etmirik.”
İbrahim Rəisinin ilk çıxışları, onun Prezident İlham Əliyevi ərazilərin işğaldan azad olunması münasibətilə təbrik etməsini Tehranın yeni mövqe anonsu kimi qiymətləndirənlər oldu.
Hətta bəzi erməni siyasətçilər bunu İrəvana tərs şillə kimi dəyərləndirdi. Bütün bunları nəzərə alaraq İranın gələcək xarici siyasətini necə görürsünüz?
“Düşünürəm ki, yeni prezidentin seçilməsilə əlaqədar onların xarici siyasəti daha da sərtləşdiriləcək. Çünki İranın yeni prezidenti kifayət qədər sərt bir siyasətçidir. Artıq o, bir sıra bəyanatlarda da qeyd etdi ki, Amerika və digər dövlətlərlə heç bir güzəştlərə getməyəcək və nüvə proqramı yerinə yetirilməlidir. Digər tərəfdən məncə, Tehranın yeni rəsmiləri Azərbaycanın maraqlarını nəzərə almağa çalışacaq.
Əgər İran regionda stabilliyin yaranmasında maraqlıdırsa, Azərbaycanla münasibətlərini qırmaq fikrində deyilsə, onlar gərək Azərbaycan amilini qəbul etsinlər.
Çünki biz bu müharibəni udmuşuq, qələbə çalan bir dövlətik, aparıcı bir oyunçuyuq və bizi İranla bir sıra layihələr də birləşdirir. Sərt addımlarına baxmayaraq, rəsmi Tehran bunu yaxşı dərk edir. Əgər onlar bundan sonra açıq şəkildə ermənisayağı addımlar atacaqlarsa, biz öz prinsipial mövqeyimizi bildirməliyik.
Düşünmürəm ki, belə bir vəziyyət iki tərəfin münasibətlərinin yaxşılaşdırılmasına gətirib çıxara bilsin”
Anar Rəhimov, Bizim.Media