Uzun illərdir savaşların davam etdiyi Əfqanıstandan NATO qüvvələrinin çəkilməsinin ardından Taliban qruplaşmasının ciddi irəliləyişləri müşahidə olunmaqdadır. Nəticədə Kabil hökumətinin yaxın zamanda iflas edəcəyi haqda da xəbərlər səngimək bilmir. Digər maraqlı məqam isə, Qərbdən sonra bölgədə sülhməramlı missiyanın Türkiyə tərəfindən həyata keçiriləcəyidir. Eyni zamanda, regionun digər güclü dövlətlərinin də Əfqanıstana böyük maraqla yanaşdığını qeyd etməliyik.
Əvvəla, Əfqanıstanın önəmi ilə bağlı bəzi faktları ortaya qoymaqda fayda var.
Yerləşdiyi coğrafi mövqeyi səbəbindən adıçəkilən ölkəni bölgədə söz sahibi olmaq üçün əsas vasitə olaraq görən mütəxəssislərin sayı xeyli çoxdur. Həmçinin, logistik əhəmiyyəti ilə “İpək yolu”nun vacib halqası olan Əfqanıstanın böyük yeraltı sərvətlərinin olduğunu da qeyd etmək vacibdir. Sadaladığımız səbəbləri əsas götürən bir sıra böyük oyunçular da Əfqanıstanda söz sahibi olmaqla fərqli məqsədlər güdürlər.
MÖVZU İLƏ BAĞLI:
Tacikistan-Əfqanıstan sərhədində Taliban bayrağı qaldırıldı – VİDEO
Türkiyə
Bölgədə sülhməramlı funksiyanı yerinə yetirməyi qəbul edən rəsmi Ankara bu fəaliyyətini dünyada söz sahibi ölkələrdən biri olmaq yolunda önəmli addım kimi görür. Eyni zamanda Türkiyə üçün bölgədə itkilər baxımından o qədər də real təhlükənin olmadığını qeyd etməkdə fayda var. Çünki ilk olaraq, həm Kabil hökumətinin, həm Talibanın Türkiyəyə qarşı simpatiyası danılmazıdır. Həmçinin türk hərbiçilərin də Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək üşün deyil, daha çox yerli qüvvələrə təlim keçmək və idarəetmə funksiyalarını yerinə yetirmək vəzifəsini həyata keçirməsi nəzərdə tutulur (Liviya nümunəsində olduğu kimi).
Çin
Çinin maraqları isə daha çox iqtisadidir. Belə ki, Əfqanıstanın Çinin “Böyük İpək Yolu” layihəsi üçün həyati əhəmiyyətə malik olduğu danılmazıdır. Eyni zamanda Çinin sözügedən bölgədə uzun müddətdir fəallığını qoruduğunu da qeyd etmək vacibdir. Belə ki, Əfqanıstanın mədən-sənaye komplekslərinin əksəriyyəti məhz Çin şirkətləri tərəfindən işlədilməkdədir və uzun müddət ərzində sözügedən müəssisələrə ciddi bir hücum faktına təsadüf olunmayıb. Təbii ki, Əfqanıstan hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən ölkədə Çin hərbi bazasının olduğunu da qeyd etməkdə fayda var. Bir sözlə, sadaladığımız faktlar Əfqanıstanın rəsmi Pekin üçün nə qədər böyük önəm kəsb etdiyini və Çinin gələcəkdə bölgədə baş verəcək proseslərdən kənarda qalmayacağının əyani sübutudur.
ABŞ
Terrorizmə qarşı mübarizə və bölgəyə sülh gətirmək bəhanəsi ilə uzun müddətdir Əfqanıstanda varlığını qoruyan ABŞ-ın bölgədən geri çəkilmə planları xeyli əvvəldən var idi. Lakin amerikalıların birdən-birə bu cür tələsik şəkildə qaçmasının səbəbi rəqibləri olan ölkələri bir-birilə qarşı qoymaqdan əlavə, eyni zamanda ölkədə xaos yaratmaqla əsas iki düşməni elan etdiyi KTMT müttəfiqləri yolu ilə Rusiyaya və Çinə problem yaratmaqdan irəli gəlir. Həmçinin bölgədə xaosun yaranması, rəsmi Pekinin sürətli inkişafında əsas proyekt olaraq gördüyü “İpək Yolu” üçün də böyük maneələr yarada bilər.
Rusiya
Rusiyanın maraqları isə ABŞ və Çinə nisbətən o qədər də böyük deyil. Rəsmi Moskva KTMT müttəfiqləri olan Özbəkistan və Tacikistana qarşı təhdidlərin minimuma endirilməsində maraqlıdır. Çünki adıçəkilən ölkələr qarşı təhlükə yaranacağı təqdirdə, Rusiya tutarlı cavab tədbirləri görməzsə, həm özünün, həm də təşkilatının nüfuzuna böyük zərbə endirər. Lakin bütün bunlara baxmayaraq, Rusiyanın SSRİ dövründəki acı təcrübəsi səbəbindən Əfqanıstana müdaxilə edəcəyi o qədər də real görünmür.
Pakistan və İran da bölgənin güclü aktorları olaraq Əfqanıstanda özünəməxsus maraqlara malikdirlər. Belə ki, Pakistanın dünyaya məlum olan Talibana dəstəyi, İranın isə tam əksinə qruplaşmaya qarşı antipatiyası mövcuddur.
Elə bu faktın özü də, rəsmi Tehran və İslamabadın qonşuluğunda özünə sərf edən gücü hakimiyyətə gətirmək üçün bir sıra tədbirlər görəcəyini deməyə əsas verir.
Bu qədər güclü tərəflərin maraqlarının toqquşduğu regionda sülhün qısa müddətdə bərpa olunacağı isə real deyil. Yəni, Əfqanıstanda sular hələ uzun müddət durulmayacaq.
Murad Əhmədov, Bizim.Media