44 günlük müharibənin bitməsindən düz 8 ay vaxt keçib. Bölgədə vəziyyət əhəmiyyətli şəkildə müsbət istiqamətə dəyişib və bunun müəllifi Azərbaycandır. Azərbaycan qalibdir, ancaq öz davranışlarında hələlik diqtə texnologiyasına üstünlük vermir.
Bu zaman ərzində Ermənistana kifayət qədər güzəştlər olunub ki, İrəvan öz daxili problemlərini həll etsin, problemə konstruktiv yanaşma yolunu tutsun.
Ölkədə növbədənkənar parlament seçkiləri keçirilib, qarşıdakı illərdə kimin hakimiyyətdə olacağı müəyyənləşib. Amma görünən odur ki, keçən zaman ərzində Ermənistan 10 noyabr razılaşmasına alternativlər axtarmaqda davam edir.
MÖVZU İLƏ BAĞLI:
“Dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırmışıq” - Ceyhun Bayramov
Hansı alternativin gerçəkləşəcəyindən asılı olmayaraq, bəzi məlum reallıqların dəyişməsi mümkünsüzdür. Belə ki, sülh müqaviləsinin bağlanmasına hər hansı aktorun mane olmasına imkan verilməyəcək.
Eyni zamanda, qalib tərəf olan Azərbaycana hər hansı şərtlərin diqtə edilməsi ehtimalı da yoxdur. Sülh müqaviləsi gec-tez imzalanacaq və böyük ehtimalla tərəflərin əvvəl razılaşdıqları müddəalar sözügedən rəsmi sənədin əsasını təşkil edəcək.
Dayanıqlı sülhün əldə olunmasında Azərbaycanın güzəştləri nə ola bilər?
1. Üçtərəfli razılaşmada da qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü tanınmaqla ilkin mərhələdə Qarabağ ermənilərinin məskunlaşdığı ərazilərdə qalıb yaşaması, sonra Azərbaycan cəmiyyətinə inteqrasiyası.
2. Xüsusi qaydalar tətbiq edilməklə, ya da edilməməklə Qarabağ ermənilərinin Ermənistana intensiv gediş-gəlişlərinə zəmanətin verilməsi.
3. Ermənilərin məskunlaşdığı ərazidə erməni uşaqlarının Azərbaycan təhsilinə inteqrasiya olunmaqla erməni dilində məktəblərin fəaliyyəti.
4. Azərbaycanın investisiya imkanlarından Ermənistan tərəfinin də faydalanmağına şəraitin yaradılması.
5. Təzminat məsələsində Ermənistana vaxt tanınması və ya təzminatın hər hansı başqa yollarla ödənilməsi.
6. Hərbi cinayətkarlarla bağlı qarşılıqlı araşdırılmaların aparılması.
7. Azərbaycanın müəllifliyi ilə icra olunan transmilli layihələrdə Ermənistanın da iştirakına şəraitin yaradılması.
Azərbaycanın hər hansı sülhə görə heç vaxt güzəştə getməyəcək müddəaları:
1. Ərazi bütövlüyü – bir qarış torpaq belə Ermənistanda qala bilməz, SSRİ dövrü təsbit olunmuş sərhədlər tamamilə bərpa olunacaq.
2. Qarabağda ermənilərlə bağlı heç bir əlavə status olmayacaq.
3. Qarabağ ərazisində Azərbaycan qanunları və dövlət atributları tamamilə qüvvəyə minəcək.
4. Naxçıvanla quru əlaqələrinin bərpası üçün Zəngəzur dəhlizi fəaliyyətdə olacaq, təhlükəsizliyinə təminat veriləcək.
İndiyə kimi əldə olunan razılaşmaların regionda sabitliyi təmin etmək üçün yetərli olmadığı da hər kəsə məlumdur. Ona görə də Sülh sazişi qaçılmazdır və bu şərtlər daxilində Azərbaycanın kifayət qədər səbri var. Hər halda vəziyyət 11 ay bundan əvvəlkindən 100 dəfələrlə yaxşıdır.
Qalib Azərbaycan beynəlxalq aləmdə öz sözünü deməklə yerini qətiləşdirib.
Ermənistan isə uzun müddət sülh təklifinə səssiz qala bilməz. Qeyri-müəyyənlik onun dövlət varlığını sarsıda bilər. İrəvan üçün sülh sazişinə heç bir alternativ yoxdur, Bakının əlində isə ən azı 3 variant mövcuddur.
1. Sülh sazişi
2. Siyasi və iqtisadi blokada
3. Müharibə
Bütün bunların açar yolu isə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın şərtlərinə əməl etməkdən keçir.
Azərbaycanın əsas tələblərini özündə əks etdirəcək müqavilənin imzalanacağına şübhə ilə yanaşmağa heç bir ehtiyac yoxdur. Zaman Bakının xeyrinə işləyir.
Murad Əhmədov, Bizim.Media