“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

“Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

Hazırda oxunan: “Adnan Əhmədzadə keysi”nin formalaşmasında Rusiyanın maraqları

271812

“Reuters” yazır ki, Rusiya 2025-ci ildə neft və qaz ixracatından 200,3 milyard dollar gəlir gözləyir. Bu isə 2024-cü ildəki rəqəmlərdən (235 milyard dollar) 15 faiz azdır. Agentlik 2022-ci ildən sonra Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlərin sistemli şəkildə azaldığını, 40 faiz itki olduğunu deyir.  

Beynəlxalq Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CRECA) hesabatında isə qeyd edilir ki, “2022-ci ildə Avropa İttifaqı sanksiyalarının başlamasından 2025-ci ilin avqust ayına qədər olan müddətdə Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlir 40 faiz azalıb. Bu, təqribən 153 milyard avro itki deməkdir”.

Mərkəzin açıqlamasına görə, Rusiya Avropa məkanında məruz qaldığı itkiləri Asiya bazarından çıxarmağa çalışıb.

Hazırda ölkənin xam neft ixracının 47 faizini Çin, 38 faizini Hindistan alır. Amma bu, etibarlı təminat deyil. Çünki, Hindistan bazarı sabit deyil. Çinin isə Rusiyaya qarşı öz abmisiyaları var. Çinin Rusiya ilə mövcud əməkdaşlığı Rusiyanı daha çox istismar etmək siyasəti üzərində qurulub. 

Rusiya Azərbaycanı özü üçün rəqib görür

2022-ci ildə müharibənin başlanmasından əvvəl Rusiya Avropanın təbii qaz təminatında təqribən 30-40 faiz, neft təminatında isə 25-30 faiz iştirakçı olub. Ukraynanı işğal etməsi fonunda məruz qaldığı sanksiyalar səbəbindən Avropanın neft-qaz bazarındakı iştirakını itirir. İndi özünün oradakı payını qaytarmaq üçün səy göstərir. Rusiya üçün etibarlı bazar Avropa məkanıdır.
 

Amma Avropa fərqli siyasət yürüdür. Rusiyadan azad etdiyi enerji bazarını digər mənbələrdən təmin etməyə çalışır. Avropa Komissiyası “REPowerEU” planı ilə Rusiyadan asılılığı azaltmaq strategiyası yürüdür. Bu plan çərçivəsində enerji diversifikasiyası, təmiz enerji mənbələrinin artırılması, qaz idxalat yollarının yenidən qurulması kimi layihələr reallaşdırır. 


Avropa enerji təminatı sahəsində Azərbaycana ciddi önəm verir. 2022-ci ildə Azərbaycanla Avropa Birliyi arasında “Enerji üzrə strateji tərəfdaşlıq Memorandumu” imzalanıb ki, bu da qaz tədarükünün artırılması məqsədini daşıyır. Memorandumda hədəf qoyulub ki, illik qaz tədarükü 2027-ci ilə qədər 20 milyard kub metrə çatdırılsın. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilə qədər bu rəqəm 8.1 milyard kub metr olub.   

Azərbaycan bu memerondumdan irəli gələn öhdəliklərin reallığa çevrilməsi üçün digər mühüm addımlar da atır. Turkmənistanla 2025-ci ildə imzalanan razılaşmaya əsasən, Transxəzər Qaz Boru Kəmərinin (TCP) tikintisi üçün maneələr aradan qaldırılıb. Təqribən 300 km uzunluğunda olan TCP Turkmənistan qazını Xəzər dənizinin altından Azərbaycan vasitəsilə Avropaya nəql etməyi nəzərdə tutur.

Bu, Mərkəzi Asiya qazının Avropaya nəqlini asanlaşdıracaq və enerji təhlükəsizliyini artıracaq. Azərbaycanın Qazaxıstan və Özbəkistanla bu il imzaladığı “yaşıl enerji dəhlizi” sazişi isə Mərkəzi Asiyanın günəş və külək enerjisi ilə zəngin bölgələrini Azərbaycan üzərindən Avropa enerji şəbəkələrinə bağlamağı hədəfləyir. 

Beləliklə, Rusiya Azərbaycanın Avropanın enerji bazarında iştirakına rəqib statusunda yanaşır.

Əgər normal şərtlərlə, dünya standartları ilə ölçsək, bu, təbii rəqabətdir və normal haldır. Amma Rusiya rəqabəti heç zaman sivil yollarla, iqtisadi səmərəlilik metodları ilə, yaxud, kompromis vasitəsilə aparmır. Rəqabət üçün onun öz “qaydaları” var. Azərbaycanın üzləşdiyi “Adnan Əhmədzadə keysi”ndə bu metodun izləri çox aydın şəkildə görünür. 

Azərbaycan neftinin çirkləndirilməsində Rusiya izi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadənin həbsində rəsmi səbəb kimi “İqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda mənimsəmə” faktları qeyd edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işinin əsas motivi “Azərbaycanın neft məhsullarının keyfiyyətinin aşağı salınması və dövlətə ziyan vurulması”dır. 

İctimai fikir budur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət edib. O, Rusiya neftinin qaçaq satışında iştirak edib. Rusiyanın xam neft məhsullarını “Azəri Layt” markalı neft məhsullarına  qarışdırmaqla satışını təmin edib.

Nəticədə Azərbaycanın neft sənayesinin etibarlılığına  və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib. Bu isə ölkənin ÜDM-nin təxminən 0,9%-nə bərabərdir. 

Məsələ təkcə maddi itkilərdə deyil.

Əhmədazadənin əməli qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlayır. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. O baxımdan, Əhmədzadənin Rusiyanın “maxinasiyalarına boyun əyməsi” təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. 
 

Rusiyanın himayəsinə sığınan, Ukraynanın müstəqilliyinə qarşı çıxan qalmaqallı ekspert/bloger Yuri Podolyak  avqust ayının 20-də paylaşdığı status da “çirklənmiş nef skandalında Rusiya izi” ehtimalını gündəmə gətirir. Blogür sosial şəbəkə postunda Bakının neft ixracında probleminin olduğunu diqqətə çatdırıb. Dəyən zərərin maddi səviyyəsinin yüksək olduğunu bildirib.


Podolyak qeyd edir ki, Bakının çəkdiyi iqtisadi zərər təxminən 420–770 milyon dollardır: “Bunun əsas səbəbləri Avropalı tərəfdaşların emal etmədiyi 5 partiya neft (350 mln $), “Korlanmış” neftdaşıyan gəminin gözləməsi (70 mln $), Ceyhan terminalından göndərilməyən 6 partiya neft (420 mln $), SOCAR-ın  gündəlik  30 mln $ neft qiyməti üstünlüyünün azalmasıdır”.   

Burada maraqlı olan məqam Podolyakın baş vermiş insidentin siyasi səbəbləri barədə eyhamlarıdır. “Rusiya siyasətinin danışan dili” öz yazısında qeyd edir ki, “Azərbaycanın Britaniya-Türkiyə ittifaqına qoşulandan və Rusiyaya qarşı addımlar atmağa başlayandan sonra, çoxsaylı problemlərlə üzləşir”. Yəni, deyir ki, “çirkləndirilmiş neft” skandalı onun dövlətinin (Rusiyanın ) Azərbaycana xəbərdarlığıdır. Rusiya Azərbaycanın “Britaniya -Türkiyə ittifaqından” uzaqlaşmasını istəyir. 

Podolyak Rusiya tərəfinin perespektiv üçün hədələrini də ifadə edir:

“Hər hansı bir “hadisə” istənilən vaxt təkrar oluna bilər”. Yəni, təxribatlar davam edəcək. O, Azərbaycan neftinin sabotaj edilməsinin davamının olacağına, Rusiyanın təxribatlarının sistemli hal alacağına işarə vurur. 

Əlbəttə, Podolyak da, onu danışdıranlar da haqsızdırlar. Rusiyanın Avropanın energi bazarından sıxışdırılıb çıxarılması, sanksiyalara məruz qalması bu dövlətin öz siyasətinin nəticəsidir.

Həmçinin, Rusiyanın enerji satışını bazar kontekstindən çıxarıb siyasi silah kimi istifadə etmək cəhdləridir. O, uzun illər ərzində enerji tədarükünü siyasi təzyiq vasitəsi kimi istifadə edib. Bu yanaşma xüsusilə təbii qaz və neft tədarükü üzərindəki dominantlıqla həyata keçirilib.

Məsələn, 2006 və 2009-cu illərdə  yaşanan siyasi mübahisələr nəticəsində Rusiya, Avropaya qaz tədarükünü kəsib, qaz üzərindən siyasi təzyiq göstərib. Bu cür hadisələr Avropanın enerji təhlükəsizliyini təhdid edib. Avropa da Ukrayna müharibəsindən istifadə edərək, Rusiyanı öz bazarından uzaqlaşdırıb.  

Amma Rusiya bu həqiqətləri gözardı edir.

Əməllərini korrektə etmək əvəzinə, təzyiqlərə əl atır. Azərbaycanın neft ixracına təxribat törətməklə, Avropanı özündən asılı vəziyyətdə saxlamağa çalışır. Görünən budur ki, Podolyak düşüncəsində olan Rusiyanın öz həqiqətləri, öz reallıqları var. 
 

Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı zəifdir. Bu prosesdə böyük bir şəbəkənin iştirakı ehtimalı aydınlaşacaq. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal güclənir. Sövq-təbii olaraq düşünülür ki, Əhmədzadənin arxasında hansısa böyük qüvvələr var. 


Bütün analizlər “xarici qüvvə” ehtimallarını aparıb Moskvaya çıxarır. Ehtimallardan biri də işin təbliğat/təşviqat tərəfinə söykənir. 

Qara təbliğat işində Rusiya metodu 

Təhlillər göstərir ki, Avropanın media məkanında üzə çıxan sənədlər heç də həmişə Avropa məkanının rəyini ifadə etmir. Kənar təsirlərin nəticəsi görünür. Bu, son dövrlərdə yetərli arqumentlərlə isbatlanan bir reallığa çevrilir. Əvvəllər Avropa Şurasının, ATƏT Parlament Assambleyasının “sol fraksiyaları”nın müzakirələrində, Azərbaycana qarşı qətnamələrində təzahür edən Rusiya izi, indi media və QHT müstəvisində davam etdirilir.  

Rusiya səhmdarlarının təsirində olan “Avropa mediası”, həmçinin, Avropaya sığınmış “söyüş müxalifəti” “Adnan Əhmədzadə keysi” üzrə xəbər təqdimatını Rusiyanın  tezisləri üzərində qururlar.

Paradoksal haldır ki, Rusiyanın öz  mediası bu insident barədə susur. Google axtarış sistemi Rusiya mediasında Adnan Əhmədzadənin həbsinə dair heç bir istinad göstərmir. Baxmayaraq ki, onlar bizim neftin çirklənməsi ilə bağlı xəbərləri öncə daha fəal şəkildə işıqlandırırdılar. Bunun səbəbləri barədə fikirlərimiz növbəti yazıda çatdırılacaq. 

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO