Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə Hikmət Hacıyev xatırladıb ki, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisində tutulmuş 15 erməni hərbçisi Ermənistana təhvil verilib, Ermənistan isə bunun əvəzində Azərbaycan torpaqlarında mina yerləşdirdiyi ərazilərin xəritəsini Azərbaycana verib. O qeyd edib ki, Azərbaycan etimadın yaradılması üçün növbəti addımları atmağa hazırdır.
“Bu diplomatik irəliləyişə əsaslanaraq qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi qarşıda çox iş gözləyir”, - Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycana təhvil verilmiş xəritələrdə yalnız bir azad olunmuş rayondakı minaların yeri göstərilir:
“Daha çox xəritə verilməyincə digər rayonlarda minalardan təmizlənmə prosesi sanki kor-koranə davam edəcək. Baş nazir Paşinyan özü də etiraf edib ki, verilmiş xəritələr Ermənistanın əlində olan xəritələrin yalnız kiçik bir hissəsidir”.
Hikmət Hacıyev bildirib ki, Qarabağ dünyanın ən intensiv şəkildə minalanmış ərazisi hesab olunur.
“1990-cı illərin Birinci Qarabağ müharibəsindən bəri bu yaxınlaradək mövcud olmuş təmas xətti boyunca 1,5 milyard kvadrat metrdən çox ərazidə partlayıcı quraşdırılıb – bu ərazi Şimali və Cənubi Koreya arasında Demilitarizasiya Zonası ilə müqayisədə daha çox partlayıcılarla çirklənib”.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin mina xəritələri çaşqınlıq yaradır – Baş verə biləcək TƏHLÜKƏ
“Azərbaycanlılar bu torpaqlara artıq qədəm basa bildiklərinə görə, yerli mətbuatda insan faciələri barədə xəbərlər mütəmadi olaraq dərc olunur. Atəşkəs elan olunandan bəri 140 mülki vətəndaş həlak olub. Bu yaxınlarda, iki jurnalist onları daşıyan avtomobilin geri çəkilən erməni qüvvələri tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşməsi nəticəsində həyatını itirib”, - Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev məqaləsində qeyd edib ki, bu kimi hadisələr barışığa böyük əngəl yaradır: “Noyabrda Moskvada hərbi əməliyyatların sona çatmasına dair atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, azərbaycanlı mülki əhali hələ də həlak olur”.
O həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan hökumətinə əllərində olan mina xəritələrinin sayını açıqlamaq üçün müraciət edib.
Hikmət Hacıyev məqalədə Zəngəzur Dəhlizinə də toxunub:
“Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun - Zəngəzur Dəhlizinin yenidən açılması həm ölkələrimiz, həm də bütün bölgə üçün iqtisadi fürsətlər yaradacaq”.
Bizim.Media