Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə dünya, regional və ölkə əhəmiyyətli bir sıra mühüm məsələlərə toxunub.
Prezidentdən Zəngəzur mesajı
İlham Əliyev Zəngəzur dəhlizi (TRİPP) məsələsinə də toxunaraq, qeyd edib ki, bu dəhliz təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.
“Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”, - deyə Prezident vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti hələ avqustun 8-də Vaşinqtonda səfəri çərçivəsində verdiyi müsahibədə də Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını qeyd edib. Dövlət başçısı bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Region ölkələri üçün Zəngəzur dəhlizi (TRİPP) nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Prezident İlham Əliyev Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı geniş açıqlama verməklə, Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi və Azərbaycanın əsas ərazisindən Naxçıvanı uzaq salmasından Tramp marşurutu adı altında dəhlizin açılışının reallığa çevrildiyi bugünkü günə qədərki tarixdə baş verən proseslərə ekskursiya edib:
“Bununla da o, beynəlxalq ictimaiyyətə dəhlizin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi. Tramp bu məsələyə qarışanda Azərbaycan Prezidenti açıq şəkildə Naxçıvana manesiz və təhlükəsiz yolun olması vacibliyini onun diqqətinə çatdırdı.
Təbii ki, tələblərimiz qəbul olundu və Tramp marşrutu (TRİPP), yəni Zəngzəur dəhlizinin açılması reallığa çevrildi.
Gələn il Azərbaycanın əsas ərazisindən Zəngəzur dəhlizinə (TRİPP) qədər olan dəmir yolu və avtomagistralın tikintisi başa çatdırılacaq. 22 avqustda tarixində isə Türkiyədə Qars-İğdır-Aralıq-Diluçu dəmir yolu xəttinin təməli qoyuldu.
İndi yerdə qalan məsələ Qərbi Zəngəzur ərazisindən keçən 42 km-lik bir dəmir yolunun tikintisi məsələsidir. Tramp bu dəhlizin açılmasına dəstək verdiyindən hesab edirəm ki, Ermənistan ərazsindəki yolun tikintisi uzun çəkməyəcək”.
Çindən Avropaya uzanan əsas arteriya
Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi (TRİPP) təkcə Naxçıvana birləşəcək bir yol olmayacaq, həmçinin regionda sülh və əməkdaşlığı möhkəmləndirəcək və Çindən Avropaya qədər uzanan coğrafiyada daşınmaların həyata keçirilməsində əsas arteriyalardan birinə çevriləcək:
“Dəhlizin açılmasının birinci mərhələsində ildə 15 milyon tondan çox yükün daşınacağı proqnozlaşdırılır. Bu dəhlizin işıq üzü görməsilə Ermənistan tranzit ölkəyə çevirəcək. Ekspertlərin proqnozlarına görə, Ermənistan bu dəhliz vasitəsilə daşınmlardan illik 80-100 milyon dollar ətrafında qazanc əldə edəcək. Həmin yol Ermənistanın qapılarının dünyaya açılmasına imkan yaradacaq. Bu da Ermənistana Orta Dəhlizə qoşulmaq imkanı verəcək.
Həmsöhbətimiz dedi ki, dəhlizin işə düşməsi İran və Rusiya üçün də faydalı olacaq:
“Zəngəzur dəhlizin (TRİPP) açılması Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin də gücünü artıracaq. Dəhliz açılandan sonra Naxçıvan üzərindən dəmir yolu İran dəmir yolları ilə birləşəcək ki, nəticədə Fars körfəzinə qədər daşınmalar da asanlaşacaq. Bu baxımdan Zəngəzur dəhlizinin (TRİPP) açılması İran və Rusiya üçün də faydalıdır.
Ümumiyyətlə hesab edirəm ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşurutu regionumuzda sülhün və əməkdaşlığın dayanıqlı olmasına mühüm bir töhfə verəcək”.
Rüfət Sultan, Bizim.Media