Koronavirus pandemiyası ilə əlaqədar ilyarımdan çoxdur ki, bağlanan quru sərhədlərin açılması barədə hələ də bir xəbər yoxdur.
Bir müddət əvvəl Gürcüstanla Azərbaycan arasındakı sərhəd məntəqələri açılsa da digər ölkələrlə gediş-gəliş hələ də bərpa olunmayıb. Düzdür, Gürcüstanla yolların açılması bir çox insan üçün xoşagələn haldır, ancaq nəzərə alaq ki, Azərbaycanın bu qonşu dövlət ilə əlaqəsinin böyük hissəsi turizm üçün əlverişlidir.
MÖVZU İLƏ BAĞLI:
İranda prezident seçkisinin rəsmi nəticəsi elan edildi
Ancaq Azərbaycan üçün daha çox ehtiyacı olan cənubdan İranla, Şimaldan isə Rusiya sərhədlərinin açılmasıdır. Bildiyimiz kimi, bir çox insan müalicə almaq üçün İrana üz tutur.
Burada bir başqa problem isə hazırda Rusiya sərhədində yaşanan problemlərdir. Sahibkarlar kənd təsərrüfatı məhsullarını günlərlə Rusiya bazarına çıxarılmağını gözləyir. Sərhədlərdə düzülən TIR-lar və şikayətçi sahibkarlar hələ də məsələnin həllini gözləyir. Gedən proseslərdən də görünür ki, bu dəqiqə Azərbaycan əhalisi üçün əsas faydalı həll yolu Cənub və Şimal zonasında açılacaq sərhədlərdədir.
Bəs, bu sərhəd məsələsinə baxılacaqmı?
Quru sərhədlərinin açılması Cənub və Şimal ərazilərimizdə yaşayan əhali üçün çox əlverişlidir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə quru sərhədlərində gediş-gəlişin bərpası əhali tərəfindən uzun zamandır gözlənilən ehtiyacdır.
Gürcüstandan fərqli olaraq bu üç istiqamətdə gediş-gəlişin bərpası bu bölgələrdə yaşayan əhalinin rifahına birbaşa təsir edir.
Hava sərhədlərinin açılması quru sərhədlərinin də açılmasına ümidləri artırsa da bu, hələlik baş vermir. Dövlət qurumlarından və Operativ Qəragahdan isə bu haqda hələ heç bir məlumatın olmadığını bildirirlər.
Rusiyadakı pandemik vəziyyət nəzarətə götürülsə də yoluxma sayının artması Şimal qonşumuzla hələ uzun müddət quru sərhədlərinin bağlı olacağına əsas verir. Qalır İran…
İran isə 18-də yeni prezidentini seçib. İbrahim Rəisinin taxta oturacağı vaxta qədər isə çox gümün ki, sərhədlər bağlı qalacaq.
Türkiyə ilə Naxçıvan sərhəddinin açılması məsələsi isə böyük ehtimalla payıza qədər öz həllini tapa bilər…
Görünən isə odur ki, biz hələ də COVİD-19-un əsiri olaraq qalmaqdayıq.
Vüsalə Balayeva, Bizim.Media