Özbəkistan Ali Məclisinin sədri APA-nın sessiyasına dəvətə görə Azərbaycana təşəkkür etdi - FOTO

Özbəkistan Ali Məclisinin sədri APA-nın sessiyasına dəvətə görə Azərbaycana təşəkkür etdi - FOTO

Hazırda oxunan: Özbəkistan Ali Məclisinin sədri APA-nın sessiyasına dəvətə görə Azərbaycana təşəkkür etdi - FOTO

235579

Fevralın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Sahibə Qafarova Azərbaycanın və Özbəkistanın dost, qardaş ölkə olduğunu qeyd edərək deyib:

“Bizi ümumi tarixi, mədəni dəyərlər birləşdirir. İki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasındakı bu yaxınlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir”.
 

Milli Məclisin sədri bildirib ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda münasibətlərimizin inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Vurğulanıb ki, dövlət başçılarımızın dostluğu qarşılıqlı əlaqələrimizin daha da yaxınlaşmasına mühüm töhfələr verir.


S.Qafarova Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikintisi həyata keçirməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini və bunun qardaşlıq münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluqla danışıb, bu sahədə Azərbaycan və Özbəkistan parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının xüsusi rolunu qeyd edib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva APA-nın sessiyasına dəvətə görə təşəkkürünü bildirib.

Qonaq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar heyrətamizdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər qlobal xarakter daşıyır. Tənzilə Narbayeva COP29 kimi mühüm qlobal tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini və keçirilməsini yüksək dəyərləndirib. O, Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçiriləcəyini diqqətə çatdırıb və iclasda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyinə inamını ifadə edib.

Qonaq bildirib ki, iki ölkə başçısının yaxın şəxsi münasibətləri parlamentlərimizə də sirayət edir.

Dil və mədəniyyət yaxınlığımız isə əməkdaşlığımızın daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Tənzilə Narbayeva qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsi Özbəkistan üçün də böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı qonaq Azərbaycanın təşkilata rəhbərliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün mühüm işlər gördüyünü və onların qlobal xarakter daşıdığını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO