Ermənistan Respublikası Silahlı Qüvvələrinin törətdiyi çoxsaylı cinayətləri videolentə alaraq dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndinə ezam olunmuş Azərbaycan Dövlət Televiziyasının “215 KL” studiyasının rəhbəri, jurnalist Mustafayev Çingiz Fuad oğlu həmin gün saat 11:00 radələrində çəkiliş apararkən yaxınlığına düşüb partlamış minaatan mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində qəsdən öldürülüb.
Bizim.Media xəbər verir ki, bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayarkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Harutyunyan və digərlərinin növbəti məhkəməsi KEÇİRİLDİ - FOTO
Qeyd edilib ki, 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, “OQ-9M” markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü azyaşlı Quliyeva Zəhra Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.
2020-ci il iyulun 14-də Ermənistan Respublikasının Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş “Ara postu” adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən “N” saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu və gizir Babayev Yaşar Vasif oğlu qəsdən öldürülüb.
2020-ci il oktyabrın 2-də işğal altında saxlanılan Ağdərə, Ağdam rayonları və digər ərazilərdəki mövqelərdən “Qrad” (“BM-21”) reaktiv yaylım atəş sistemlərindən, iriçaplı digər silahlardan Tərtər rayonunun hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, dinc əhalinin sıx yaşadığı yerlərinə açılmış çoxsaylı atəşlərin mərmilərindən birinin Tərtər rayon prokurorluğunun inzibati binasının qarşısında avtomobil yolunun üzərinə düşüb partlaması nəticəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktlarına görə başlanmış cinayət işləri üzrə yaradılmış istintaq qruplarının üzvü, Sumqayıt şəhər prokurorluğunun Tərtər rayon prokurorluğuna ezam olunmuş böyük müstəntiqi Həsənov Ozal Mübariz oğluna sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilib.
Bizim.Media