Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsinin Aktau sahillərində qəzaya uğraması ilə gərginləşən Azərbaycan-Rusiya münasibətləri hələ də qeyri-müəyyən qalmaqda davam edir. Kreml rəsmilərinin baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürməməsi, üstəlik, Rusiya mediasında, nəinki mediasında, hətta siyasi dairələrində Azərbaycana qarşı start götürən hücum və qarayaxma kampaniyası bəzi məsələlərin sağlam məntiq əsasında həllinə maneçiliklər törədir.
Əlaqələrdəki soyuqluq isə “üçüncü qüvvələr”i yaranmış vəziyyətdən sui-istifadəyə sürükləyir və onlar Rusiyadakı anti-Azərbaycançı qüvvələrin dəst-xətti ilə Bakı-Moskva təmaslarını bir qədər də dramatikləşdirməyə çalışır.
Hər şeydən əvvəl, onu xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə bağlı irəli sürdüyü tələblər tamamilə qanunidir. Artıq istintaqın ortaya qoyduğu ilkin hesabat faciədə Rusiyanın müvafiq orqanlarının günahkar olduğunu təsdiqləyir.
Ancaq nədənsə, Azərbaycanla 2022-ci il fevralın 22-də imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin prinsiplərinə zidd olaraq Kreml təmsilçiləri məlum məsələdə Azərbaycanın qənaətini bölüşmür və fərqli interpretasiyalar hesabına məsuliyyətdən boyun qaçırırlar. Və hər dəfə olduğu kimi, bu dəfə də ənənəvi metoda əl ataraq ölkəmizə antipatiya bəsləyən siyasətçilər və media orqanlarını hərəkətə keçirərək Azərbaycan əleyhinə qara-piarı stimullaşdırırlar.
Görünən odur ki, Rusiyada hələ də “parçala və hökm sür” düşüncəsində olub “velikorus şovinizmi”ni əlində bayraq edərək postsovet respublikalarına bərabərhüquqlu tərəfdaş deyil, yuxarıdan-aşağıya baxmağa üstünlük verən qüvvələr var və onlar həm Kremldə, həm Dövlət Dumasında, həm siyasi partiyalar, həm də media strukturlarında yetərincə təmsil olunurlar.
Bu ehtimallar Bakıda “Rus evi”nin qapadılması fonunda özünü doğrultdu. Təşkilatın qanunsuz fəaliyyətinin dayandırılmasını həzm edə bilməyən ruslar siyasi şoumenlər və qərəzli media gücü ilə hücuma keçərək Azərbaycan dövləti ətrafında qara fon yaratmağa başladılar. Azərbaycan parlamenti də daxil olmaqla müvafiq qurumlar Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından olan üzvü, keçmiş idmançı Nikolay Valuyevin əsassız və absurd tələblərinə qətiyyətli cavablar verdi.
Cavablarda onun sifarişli bəyanatlarının dövlətlərarası münasibətlərə zərbə vurduğu diqqətə çatdırıldı. Həqiqətən də, Valuyevin Bakı-Moskva münasibətlərinin ən həssas mərhələsində necə deyərlər, “yuyulmamış çömçə” kimi ortaya çıxaraq xalqlararası münasibətləri hədəf seçməsinin arxasında təhlükəli planlar durur.
Çünki deputatın “Rus evi”nin bağlanmasına cavab olaraq:
1.Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması,
2.Azərbaycanlıların biznesinin məhdudlaşdırılması,
3.Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların ölkədən çıxarılması,
4.Qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi
iddiaları, bu da azmış kimi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri rus jarqonunda “şoblya-voblya” adlandırması çox güman ki, Valuyevin beyninin məhsulu deyil və kələfin ucu Kremlə aparıb çıxarır. Şübhəsiz, bu cür ifrat millətçi şüarlar Şimal dövlətində yaşayan azərbaycanlılara qarşı hücum kampaniyalarının təşkili və onların Rusiyadan qovulması üçün də stimul yarada bilər. Nəticədə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinə də zərbə dəyir.
Kiçik bir statistikanı diqqətə çatdıraq.
Azərbaycan və Rusiyanın ticarət dövriyyəsi
-2024-cü ilin yekunlarına görə, təxminən 4,8 milyard dollar təşkil etdi ki,
-bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur;
-ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,08 faizini Rusiya ilə ticarət əməliyyatları təşkil etdi;
-Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın 3-cü ticarət tərəfdaşı oldu;
-Azərbaycan məhsullarının Rusiyaya ixracı 2024-cü ildə 1,5 faiz azalaraq 1,178 milyard dollar təşkil etdi.
Bu gün Rusiya Azərbaycan mallarının ixrac olunduğu ölkələr sırasında 3-cü yeri tutur, qeyri-neft məhsullarının idxalında isə liderliyini qoruyub saxlayır - idxal mallarının tədarükü 4,3 faiz artaraq 1,162 milyard dollara çatır. Bu rəqəmlər göstərir ki, Şimal dövləti Azərbaycanla iqtisadi əlaqələrdən yalnız udur. Ona görə də təyyarə qəzası ətrafında artan ziddiyyətlər Ukrayna bataqlığına düşən və Qərbin çoxsaylı sanksiyaları ilə üzləşən Rusiyaya daha çox zərbə vuracaq. Kreml israr etdikcə isə, Bakı adekvat və alternativ addımlara müraciət etmək məcburiyyətində qalır.
Məsələn, “Sputnik-Azərbaycan”ın heyətinə limitin tətbiqi Kremlin ölkəmizə saymazyana münasibətinin konkret nəticəsidir. Növbəti bir fakt: Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayaraq Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, fevralın 15-də baş tutan bu qondarma seçkilərin nəticələrini tanımadığını bəyan etdi.
Hər bir halda, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin pozitiv ruhda inkişafı şimal qonşumuzun müttəfiqlik münasibətlərinə uyğun davranışından, məlum təyyarə qəzasına obyektiv reaksiyasından və ölkəmizə qarşı qara-piarı dayandırmasından asılı olacaq. Ancaq nə mətbuat, nə də siyasi çevrələr bu meyarlara adekvat addımlar atır. Bundan istifadə edən Konstantin Zatulin kimi erməni lobbistləri ortaya çıxaraq Bakıdakı “Rus evi”nin bağlanmasını düşmənçilik kontekstində şərh edir və bildirir ki, Azərbaycan Qafqazda Türkiyənin maraqlarını həyata keçirir.
Təbii, Rusiyanın daxilində “emal” edilən anti-Azərbaycan tezisləri Ermənistanda dərhal süzgəcdən keçirilərək Bakıya qarşı arqument kimi istifadə olunur. Bir neçə gün bundan öncə erməni jurnalistin Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovaya verdiyi sual sərt reaksiya ilə qarşılansa da, ermənilər rus cəmiyyətində formalaşmaqda olan psixoz durumu öz xeyirlərinə çevirməyə israrla cəhdlər göstərir.
Bu həftə Ermənistanda “Rus evi”nin fəaliyyətinin genişləndirilməsi, üstəlik, Ermənistan Milli Akademiyası ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair imzalanmış sənəd məkrli düşmənin indiki situasiyadan yararlanmaq niyyətində olduğundan xəbər verir.
Halbuki, Paşinyan hökumətinin 44 günlük müharibədən sonra atdığı bütün addımlar Rusiyanın əleyhinə yönəlib. KTMT-də fəaliyyətini dayandırması, rus qoşunlarının İrəvan aeroportundan çıxarılması, ABŞ-la birgə hərbi təlimlər, Avropa İttifaqı Müşahidə Missiyasının sərhədlərdə yerləşdirilməsi, ABŞ və Fransadan yeni silahların alınmsı, ordunun Qərb standartlarına keçirilməsi və digər addımlar faktiki, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu sıradan çıxardı. Bu yaxınlarda “Johovurd” qəzeti parlamentin spikeri Alen Simonyanın Skandinaviya və Baltikyanı ölkələrin parlamentariləri ilə görüşdə belə bir fikir işlətdiyini yazdı:
“Rusiya Federasiyası darmadağın edilməli, məğlub olmalı və yoxa çıxmalıdır ki, bizim üçün və sizin ölkələriniz üçün hər şey yaxşı olsun. Rusiyanın süqutu bizim üçün çox yaxşı perspektivlər açır”.
Belə çıxır ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan faydalanan ermənilər Şimal dövlətinə re-ixrac hesabına qazandıqları milyardlarla vəsaiti dəyərləndirməkdən çox uzaqdır və Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq niyyətindədir.
Bundan əlavə, Ermənistanın “müşahidəçi oyunları” daha çox Rusiya və İranın maraqları üçün təhdiddir. Çünki hər iki ölkə uzun illərdən bəri NATO-nun onların sərhədlərinə yaxınlaşması, daha dəqiq desək, “Şərqə doğru genişlənməsi”nə qarşı mübarizə aparıblar.
Ancaq artıq onların ən sadiq dostları – Ermənistan əməkdaşlıq maraqlarına xəyanət edərək Qərb hərbi qüvvələrinin Rusiya və İran sərhədlərinin yaxınlığında dislokasiyasına şərait yaratmaqdadır. Şimal dövlətinin siyasi dairələri bu təhdidi doğru dəyərləndirməli, Azərbaycana qarşı çirkin dezinformasiyalara rəvac vermək əvəzinə Ermənistanın ruslar üçün hazırladığı yeni sürprizlərə hazır olmalıdır.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı