Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bəyanat yayıb.
Bu barədə Bizim.Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiondən məlumat verilib.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır.
Komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilmiş, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunmuşdur.
Kampaniyaya 300-dən çox hesab cəlb edilib ki, onların da 124-ü “Facebook”da, 67-si “Instagram”da, 67-si “Telegram”da, 32-si “YouTube”da, 10-u “X”da və digər sosial media platformalarında fəaliyyət göstərir.
Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır.
Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Bizim.Media