Prezident İran rəsmilərini qəbul etdi - FOTO/VİDEO

Prezident İran rəsmilərini qəbul etdi - FOTO/VİDEO

Hazırda oxunan: Prezident İran rəsmilərini qəbul etdi - FOTO/VİDEO

229066

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.

Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.

Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.

O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini deyib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub, Azərbaycanda bu istiqamətdə böyük həcmli yüklərin olduğu bildirilib. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub.

Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.

 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO