“Azərbaycan AQEM Sədrliyini ölkəmizin qlobal diplomatiyada “körpü qurmaq” rolu təcrübəsinə, çoxtərəfli platformalarda liderliyinə, sülh, sabitlik və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışı zamanı söyləyib.
Nazir qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır.
İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsir etmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir.
Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”, - deyə C.Bayramov əlavə edib.
Bizim.Media