LGBT və pedofiliya TƏBLİĞATI... – Qərb gürcü milli kimliyini məhv etmək İSTƏYİR – TƏHLİL

LGBT və pedofiliya TƏBLİĞATI... – Qərb gürcü milli kimliyini məhv etmək İSTƏYİR – TƏHLİL

Hazırda oxunan: LGBT və pedofiliya TƏBLİĞATI... – Qərb gürcü milli kimliyini məhv etmək İSTƏYİR – TƏHLİL

223327

Qərb Gürcüstanı zorla “demokratikləşdirmək” istəyir. Bu “demokratikləşmə” prosesində isə Gürcüstanın dövlət və milli maraqları qətiyyən nəzərə alınmır. Tək bir faktı deyək ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır. Amma ötən 30 ildə bununla bağlı Qərb heç bir konstruktiv addım atmayıb. Hətta bu məsələnin siyasi müzakirəsini aparmaq belə istəmir.

Əvəzində isə Gürcüstana Qərb dəyərləri təlqin edilir. O dəyərlər ki, gürcü xalqının milli dəyərləri və kimliyi ilə daban-dabana ziddir.

Qərb Gürcüstana ötürdüyü dəyərlər hansılardır?

İlk növbədə narkomaniya. BMT-nin narkotiklərə qarşı beynəlxalq konvensiyalarını həyata keçirmək üçün təsis etdiyi müstəqil qurum olan Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının son hesabatında qeyd edilir ki, son 20 ildə Cənubi Qafqaz mühüm narkotik vasitələrin tranziti regionuna çevrilib və regionda narkotikdən istifadə əhəmiyyətli dərəcədə artıb.

Hesabata əsasən, Cənubi Qafqazda narkotik istifadəsi statistikasında Gürcüstan liderdir. Bu ölkədə yeniyetmələr arasında narkotikdən istifadənin göstəriciləri Avropadakından iki dəfə çoxdur. Rəsmi qurumların məlumatlarında, uşaqlar və gənclər arasında narkotik vasitələrə aludəçiliyin həm də İİV və QİÇS-in yayılması kimi fəsadlara da yol açması vurğulanıb.

Bütün dünyada izlənilən, hətta Afrika qitəsində belə inkişaf tempinin aşağı düşdüyü İİV və QİÇS infeksiyasının Gürcüstanda geniş yayılması faktı olduqca düşündürücüdür. Nəzərə alaq ki, Qərbin təkidi və Konstitusiya Məhkəməsinin qərarı ilə 2018-ci il iyulun 30-dan Gürcüstanda marixuananın istifadəsi qanuniləşdirilib. Ən pisi də odur ki, Gürcüstan rəsmi qaydada marixuananın ixracatçısına çevrilib.

Qərbin Gürcüstana daha bir “töhfəsi” LGBT-dir.

Qərb rəsmi Tiflisdən tələb edir ki, eynicinslilərin evliliyi qanuniləşdirilsin və LGBT gənclər arasında daha geniş şəkildə təşviq edilsin.

Nəzərə alaq ki, LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları Müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb. Avropa bu “dəyərlərini” bütün dünyaya o cümlədən Gürcüstana ixrac etməkdə qərarlıdır.  

Təəssüflə deməliyik ki, Gürcüstan Cənubi Qafqazda LGBT təbliğatının hətta azyaşlılar arasında sərbəst aparıldığı ölkədir. Ölkədəki ictimai-siyasi fəalların zaman-zaman irad bildirdikləri bu təbliğat QHT-lərin ölkədəki qlobal “fastfood” şəbəkə restoranları ilə birgə reallaşdırdığı sosial proqramların ayrılmaz hissəsidir.

Bunun nəticəsidir ki, Gürcüstanın LGBT təbliğatını rəsmən qadağan etməsi Qərbin ciddi etirazlarına səbəb olmuşdu.

Avropa İttifaqının Gürcüstandan tələb etdiyi “dəyərlər”dən biri də “cinsi ehtiyacların müxtəlifliyi” adı altında gizli təbliğ olunan pedofiliyadır. Ölkədə, ümumiyyətlə, cinsi ehtiyacların müxtəlifliyi təbliğatı son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir. Cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliya Gürcüstanda epidemiya halında bütün ölkəyə yayılıb.

Rəsmi statistikaya görə, 2023-cü ilin ilk 3 ayında 46, ilk 5 ayında 75 uşaq cinsi istismara məruz qalıb. Bu müddət ərzində cinsi zorakılıq və şiddət görmüş uşaqların sayı isə 633 nəfərdir. Adətən cinsi istismar və fiziki zorakılıq halları haqqında statistikanın real vəziyyəti tam əhatə etmədiyini nəzərə alsaq, vəziyyət doğurdan da dəhşətli mənzərə alır.

Qərbin Gürcüstandakı missionerləri…

Yuxarıda sadaladığımız və sadalamadığımız “Qərb dəyərləri” Gürcüstana əsasən QHT-lər vasitəsilə idxal olunur. Nəzərə alaq ki, Gürcüstanda 25 mindən artıq QHT var. Bu təşkilatların böyük əksəriyyəti Qərbə nökərçilik edir.

Bundan əlavə, Gürcüstanda Qərbin müxtəlif fondlarının və təşkilatlarının regional ofisləri var. Bu ofislər həm də “Qərb dəyərləri”ni region ölkələrinə ixrac etməklə məşğuldur. Təbii ki, məhv olan genefondu xilas etmək üçün rəsmi Tiflis son zamanlar qəti addımlar atır.

Həmin tədbirlərdən biri də  “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuludur. Bu qanun layihəsi dəfələrlə parlamentin gündəliyinə daxil edilsə də, Qərbin təzyiqləri ilə müzakirələr hər dəfə yarımçıq qalırdı. Nəhayət 2024-cü ilin iyununda bu qanun qüvvəyə mindi. Bundan sonra isə Qərblə Gürcüstan arasında soyuq müharibə başladı.

Son günlərsə Gürcüstanda vəziyyət xeyli gərginləşib.

Qərbin pul kisəsindən asılı olan QHT-lər Tiflis küçələrini qana boyamaq və son nəticədə növbəti dəfə rəngli inqilab etmək üçün dəridən qabıqdan çıxırlar. Nəzərə alaq ki, etirazçıların önündə prezident Salome Zurabişvili gedir. Onun bu qədər aktiv olması təsadüfi deyil. Çünki Zurabişvili həm də Fransa vətəndaşıdır. O, hətta bir dönəmlər Fransa XİN-də çalışıb.

Zurabişvilinin hətta prezident Emmanuel Makronla xüsusi yaxınlığı var. Nəzərə alaq ki, Makron da Avropada LGBT-nin əsas təbliğatçılarından biridir. Ona görə də Zurabişvilinin Makronla yaxınlığı heç də təəccüblü deyil. Bu da o deməkdir ki, Salome xanım gürcü xalqından daha çox, Qərbin maraqlarını güdür. Ona görə də onun üçün Gürcüstanın ərazi bütövlüyünün təminatı, milli dəyərlər bəlkə də ən sonuncu məsələdir. Əsas hədəf odur ki, Gürcüstan sürətlə “mavi”ləşsin, narkomaniya gənclərin gündəlik həyat tərzinə çevrilsin.

Qərb Gürcüstan iqtisadiyyatı üçün nə vəd edir?

İqtisadi müstəvidə Qərb Gürcüstana yaxşı heç nə vəd etmir. Olsa-olsa 100-130 milyon dollar dəyərində  malliyyə yardımı verilə bilər. Bu isə Gürcüstan büdcəsinin 2 faizindən də az vəsaitdir. Amma artıq Qərb Gürcüstana iqtisadi yardımlarını dayandırıb. ABŞ və Avropa İttifaqının Gürcüstanla strateji əlaqələri nəzərdə tutan müqavilələri dayandırması, rəsmi Tiflisə qarşı həm də siyasi təzyiqdir. 

Son günlər Tiflisdə baş verənlərlə, 2014-cü ildə Ukraynada baş verən Maydan hərəkatı arasında böyük oxşarlıqlar mövcuddur. O dövrdə Qərbin siyasi müdaxilələri Ukraynanı uzunmüddətli qeyri-sabitliyə sürüklədi.2014-cü ildə Ukraynada hökumətin devrilməsi, daxili qarışıqlıq və ərazi itkiləri ilə nəticələndi. Krım itirildi, Luqansk və Donetskdə separatizm baş qaldırdı.

Statistikaya görə, Maydan hadisələrindən sonra Ukraynanın iqtisadiyyatı 2014-2015-ci illərdə 16.5% azaldı və inflyasiya 43% həddinə çatdı.

2014-2015-ci illərdə qrivnanın dəyəri ABŞ dollarına nisbətdə təxminən 70% ucuzlaşdı. Bu gün isə Ukrayna dünya xəritəsindən silinmək ərəfəsindədir. Hazırda Gürcüstan iqtisadiyyatı da bu acı reallıqla üz-üzədir.

Qərb rəsmiləri Tiflis küçələrində nə axtarır?

Son günlər Tiflisdəki etiraz mitinqlərində ABŞ və Avropa dövlətlərinin rəsmilərinə daha çox rast gəlinir. Onlardan biri də Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskidir. O demək olar ki, hər dəfə mitinqlərə qatılır. Etirazçıları qarışıq salmağa və hətta qan tökməyə çağırır.

Qeyd edək ki, səfir Qerçinski hələ seçkiöncəsi açıq şəkildə bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq:

“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.

Bu gün o İvanişvilinin komandasının devrilməsi üçün küçələrə düşüb. Daha bir “fəal” isə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerdir. O etirazçılarla davamlı görüşlər keçirir və ictimai sabitliyin pozulması üçün hər çür təxribatı təşviq edir.

Ən pisi də odur ki, Gürcüstan həqiqətləri beynəlxalq aləmə təhrif olunmuş şəkildə, Qərbin siyasi maraqlarına uyğun şəkildə təqdim edilir. Baxmayaraq ki, ABŞ və Aİ hər zaman digər ölkələri onlara qarşı hibrid müharibə aparmaqda günahlandırır.

Bütün bu yersiz ittihamların qarşısında Qərb Gürcüstanı informasiya blokadasına alıb. Gürcüstanın dövlət və milli maraqları Qərbin nəhəng informasiya resuslarının qərəzli təbliğatı hesabına ayaqlar altına atılıb. Klassik variantla – insan haqları adıyla Gürcüstanın milli və dövlət maraqları görməzlikdən gəlinir.

Ölkə vətəndaş müharibəsinə sürüklənir.

Bu isə təkcə Gürcüstan üçün yox, bütövlükdə region üçün ciddi təhdid deməkdir. Nəzərə alaq ki, Azərbaycanın Qərbə çıxışı əsasən Gürcüstan üzərindəndir. Ona görə də Gürcüstandakı vəziyyət Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.

Bununla belə, Gürcüstan dövləti də, gürcü xalqı da qətiyyətli görünür. İnanırıq ki, gürcü xalqı Qərbin bayağı həyat tərzinin yox, Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarınan ardınca gedəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO