Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib:
“Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”
.
Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib: “Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.
Bizim.Media