İspaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO/VİDEO

İspaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO/VİDEO

Hazırda oxunan: İspaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO/VİDEO

218739

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı bir daha başsağlığı verib və bununla əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə məktub göndərdiyini qeyd edib.

Səfir başsağlığına və məktuba görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

O, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək qiymətləndirildiyini vurğulayıb, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Kristina Latore Sanço bildirib ki, İspaniya Hökumətinin Sədri COP-un təşkilində Azərbaycan Prezidentinin şəxsi təşəbbüsünü yüksək qiymətləndirir. Səfir iqlim dəyişmələri ilə bağlı mübarizə işində dövlətimizin başçısının fəaliyyətini qeyd edərək, ümumilikdə COP29 kimi mühüm tədbirin təşkilinə görə Azərbaycan tərəfinə və şəxsən dövlətimizin başçısına İspaniya Hökuməti adından minnətdarlığını bildirib.

Prezident İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan tərəfinin böyük səy göstərdiyini dedib.

Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək, qeyd etdi ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın füsunkar ölkə və Bakının çox gözəl şəhər olduğunu deyən səfir ölkəmizdən xoş təəssürat aldığını bildirib.
 

Görüşdə Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması məsələsi qeyd olundu.


Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulandı. Orta Dəhlizin İspaniya şirkətlərinin region ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd edilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO