Məlum olduğu kimi, parlament seçkilərindən sonra REAL Partiyasının sədri İlqar Məmmədov tutuduğu postdan istefa verib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırıla biləcəyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı barədə QƏRAR VERİLDİ
Son günlər isə seçkilərə 18 namizədlə qatılmasına baxmayaraq, mandat qazana bilməyən Ağ Partiyanın rəhbəri Tural Abbaslının başqanlıqdan gedəcəyi ilə bağlı iddialar səsləndirilir
“Seçkinin nəticələrini özümüz üçün uğursuzluq kimi qiymətləndirmirik”
Bizim.Media deyilənlərin nə dərəcədə doğru olduğu, seçkidə uğur qazana bilməmələrinin səbəbi və partiyadakı istefalarla bağlı sualları Ağ Partiyanın rəhbəri Tural Abbaslıya ünvanlayıb.
O, partiyasının parlament seçkilərində mandat qazana bilməməsini uğursuzluq saymadığını qeyd edib:
“Çünki biz həm seçkidən öncə, həm seçki müddətində, həm də seçkidən sonra partiyanın rəhbərliyi olaraq müxtəlif dönəmləri analiz edirdik, dəyərləndirirdik. İstər təbliğat-təşviqat, istər imzatoplama kampaniyasını, seçki gününü, müşahidəni, nəticələri analiz eləmişik. Azərbaycan reallıqlarını bilən bir partiyayıq. Bu baxımdan biz bunu uğursuzluq kimi qiymətləndirmirik”.
Abbaslının fikrincə, Ağ Partiya bu seçkilərdən daha güclü çıxıb:
“Ağ Partiya seçkilərdə namizəd sayına görə Azərbaycanda ikinci ən çox namizəd irəli sürən partiya idi. Parlamentə düşməyən partiyalar arasında ən çox səs toplayan ikinci partiyadır. Eyni zamanda əgər namizəd sayına bölsək, görərik ki, bəlkə də parlament partiyası olmayan və ən çox səs yığan da məhz Ağ Partiyadır. Mən bu məsələni uğur kimi qiymətləndirirəm.
Ağ Partiyanın ilkin hədəfi seçki prosesindən gücümüzü artıraraq çıxmaq idi. Mənə belə gəlir ki, bu nəticə əldə olundu. Onu da nəzərə alaq ki, hazırda "Siyasi partiyalar haqqında" yeni qanuna görə, parlamentdən kənarda qalan partiyaların da maliyyələşməsi məsələsi var. Düzdür, simvolik rəqəmlər də olsa, yenə də ən çox maliyyələşən birinci və ya ikinci partiya biz olacağıq.
Bu da bir uğur kimi qiymətləndirilə bilər.
Başqa şərtlər olsaydı, mən əminəm ki, Ağ Partiyanın 18 namizədindən ən azı 9, ya 10 -u rahat şəkildə parlamentdə təmsil oluna bilərdi”.
“Digər partiyalar özləri bilər”.
İstefa məsələsinə gəlincə, Ağ Partiya rəhbəri deyib ki, bu haqda düşünmür:
“Partiyadan xüsusi istefa verənlər olmayıb. Nə İdarə Heyətindən, nə Mərkəzi Aparatdan, nə də Partiya Məclisindən. Sıravi üzvlərlə bağlı bir söz deyə bilmərəm, çünki 10 mindən artıq üzvümüz var. Rayonlarda kimsə partiyadan gedə, yaxud gələ bilər. O barədə məndə ətraflı məlumat yoxdur. Mən bilən, heç kim məhz seçkiyə görə istefa verməyib.
Düşünürəm ki, nəinki mən istefa verəcəm, Ağ Partiya zəifləyəcək, əksinə, yaxın 25-30 ildə partiya əsas siyasi qüvvələrdən biri olacaq. Digər partiyalar isə özləri bilər, hansınınsa sədri istefa verir, kimsə partiyanın fəaliyyətini dayandırmaq haqqında düşünür, özləri bilərlər. Bu onların qoyduqları hədəf və o hədəfə çatıb-çatmamaqla bağlıdır.
Amma biz bu nəticəyə gəlmişik ki, Ağ Partiya prosesdən kifayət qədər güclənərək çıxıb. Ona görə qətiyyən nə istefa vermək, nə kiminsə getməsi, kiminsə gəlməsi barədə müzakirələr aparılmır”.
Nilay Nurəli, Bizim.Media