BRİCS-ə üzvlük Azərbaycana nə QAZANDIRACAQ? – Korotçenko ilə MÜSAHİBƏ

BRİCS-ə üzvlük Azərbaycana nə QAZANDIRACAQ? – Korotçenko ilə MÜSAHİBƏ

Hazırda oxunan: BRİCS-ə üzvlük Azərbaycana nə QAZANDIRACAQ? – Korotçenko ilə MÜSAHİBƏ

217292

Xəbər verdiyimiz kimi, Rusiyanın Kazan şəhərində üç gün davam edəcək (22-24 oktyabr) BRİCS sammiti işə başlayıb.

Bu, 2006-ci ildə yaradıldıqdan sonra BRİCS-in on altıncı sammitidir. Sammitdə 33 dövlətin nümayəndələrinin iştirakı gözlənilir. BRİCS-in ilk üzvləri olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikaya daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya da qoşulub. Kazan sammitində bu dövlətlərin də ali təmsilçiləri iştirak edəcəklər.

Mövzunun aktullığını nəzərə alıb Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko ilə həmsöhbət olduq.

Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, Kazanda başlayan BRİCS sammitindən gözləntiləriniz nələrdir?

- Bəli, Kazanda start götürən BRİCS sammiti beynəlxalq əhəmiyyətli bir tədbirdir. Ona görə də dünyanın gözü Kazandadır. Məlumdur ki, qloballaşan dünyamızda çox böyük hadisələr cərəyan edir. Təbii ki, BRİCS də bu proseslərin önündə dayanmağı planlaşdırır. Qurum üzv ölkələrin azad və davamlı iqtisadi əlaqələrinin inkişafını hədəfləyib. Ona görə də BRİCS-ə maraq sürətlə artır.

Əksər ölkələr bu platformada yer tutmaq istəyir. Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələrinin liderləri Kazana gəlib. BRİCS-in bu dəfəki toplantısından əsas gözlənti odur ki, iştirakçı ölkələr ABŞ və Avropa İttifaqının təzyiqlərini neytrallaşdırmaq üçün öz təkliflərini açıqlayacaq. Ona görə də sammitdə vacib sənədlərin qəbulu və müəyyən razılaşmaların olacağı gözlənilir. Təbii ki, əsas sual odur ki, iştirakçı ölkələr indiki məqamda Qərb düşərgəsinə qarşı hansı yolu tutacaq. Hesab edirik ki, Kazan sammiti BRİCS-in birliyini möhkəmlədəcək. Və bu birlik imkan verəcək ki, üzv və təmsilçi ölkələr arasında iqtisadi və siyasi əlaqələr daha da dərinləşsin.

- Rusiya müharibə şəraitində yaşayır. Belə vəziyyətdə hansısa təxribatın olacağı da istisna olunmur…

- Bəli, Rusiya müharibə şəraitində yaşayır. Ona görə də Qərbin təzyiqi ilə Ukrayna tərəfdən hansısa təxribatlar ola bilər. Ancaq, Rusiyanın silahlı qüvvələri, hüquq mühafizə orqanları istənilən təxribatın qarşısını almağa qadirdir. Hesab edirəm ki, heç bir olay BRİCS-in gündəliyinə və aparılacaq vacib müzakirələrə əngəl ola bilməz.

- Hansı ölkələrin quruma üzvlüyü gündəmə gələ bilər?

- Təbii ki, BRİCS-ə maraq güclüdür. Ona görə də qurumun qapıları özünü BRİCS-ə üzv olmaq istəyən istənilən ölkənin, o cümlədən də Azərbaycanın və Türkiyənin üzünə açıqdır. Təbii ki, burada iqtisadi və siyasi maraqların üst-üstə düşməsi vacibdir. Nəzərə alaq ki, üzv ölkələrin və üzv olmaq istəyən dövlətlər qarşısında heç bir ilkin şərt yoxdur. Təşkilat hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşır. O ölkə NATO-nun üzvü olsa belə. Çünki BRİCS daha sürətlə inkişaf etmək və iqtisadi əlaqələri daha da dərinləşdirmək istəyən ölkələrin toplandığı bir platformadır.

- BRİCS-in vahid valyutası təklif edilə bilərmi?

- İnanmıram ki, BRİCS-in vahid valyutasının yaradılması Kazanda əsas şərt kimi irəli sürülsün. Bu günün əsas hədəfi ticarət əlaqələrin şaxələndirilməsi və dərinləşdirilməsidir. Təbii ki, bu ticari proseslər hər bir ölkənin milli valyutaları əsasında reallaşmalıdır. Doğrudur, ABŞ və onun Avropadakı müttəfiqləri dünyanın əksər ölkələrinə qarşı iqtisadi və maliyyə sanksiyaları tətbiq edir. Başqa valyutaların dəyər qazanmaması üçün müxtəlif vasitələrə əl atılır. Təbii ki, bu təzyiqləri neytrallaşdırmaq üçün alternativ yollara baxılmalıdır.

Amma yenə təkrar edirəm ki, hər şey milli valyutalarla həyata keçirilməsi daha doğru olardı. Bunun hesabına da hər bir ölkənin valyutası müəyyən dəyər qazanardı. Bu həm də Qərbin təzyiqlərindən sığortalanmağa imkan verər. Hesab edirəm ki, Kazan Sammiti uğurla keçəcək, üzv və müşahidəçi ölkələrin iqtisadi həyatında yeni dövrün başlanğıcı olacaq. Əminliklə deyə bilərəm ki, BRİCS suveren və azad ölkələrə uğurlu gələcəyi göstərən bir mayakdır. Bu gələcəkdə həmin ölkələri təkcə iqtisadi müstəqillik yox, həm də güclü siyasi iradə gözləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO